Gündəlik həyatımızda 10-luq say sistemindən istifadə edirik. Onluq say sistemində ədədlər 10 rəqəmin (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9) köməyi ilə göstərilir. Ancaq həmişə belə olmamışdır.
Ayrı-ayrı dövrlərdə insanlar müxtəlif say sistemlərindən istifadə etmişlər.
Kompüter yaradılarkən ixtiraçılar 2-lik say sisteminə üstünlük vermişlər. İkilik say sistemində iki rəqəmdən — 0 və 1-dən istifadə olunur. Bu rəqəmlərə ikilik rəqəmlər və ya bit (ingiliscə binary digit — ikilik rəqəm) deyilir.
Niyə kompüterdə 2-lik say sistemindən istifadə olunur? İnsanlar üçün rahat olan 10-luq say sistemini kompüterlərə də tətbiq etmək olmazdımı? Əlbəttə, olardı! Sadəcə, iki rəqəmi (0 və 1-i) on rəqəmlə müqayisədə texniki baxımdan gerçəkləşdirmək daha asandır: 1 - siqnal var, 0 - siqnal yoxdur.
Riyaziyyatdan məlumdur ki, onluq say sistemində 9-dan sonrakı ədədi göstərmək üçün yeni mərtəbə (onluqlar) daxil edilir, təkliklər sıfırlanır və say yenidən başlanır. 19-dan sonra onluqlar 1 vahid artırılır, təkliklər yenidən sıfırlanır. Beləcə, davam edilir. Onluqlar və təkliklər hər ikisi 9-a çatdıqdan sonra üçüncü mərtəbə – yüzlüklər yaranır. İkilik say sistemində də belədir. Burada ən böyük rəqəm 1 olduğundan mərtəbə ən böyük qiymətinə (yəni 1-ə) çatdıqda yeni mərtəbə yaranır, əvvəlki mərtəbə isə sıfırlanır.
Bu qaydadan istifadə
etsək, ikilik say sistemində
ədədlərin bu şəkildə
olacağını görərik.
Göründüyü kimi, ikilik say sistemində ədədlər böyüdükcə onların uzunluğu sürətlə artır.