Disketlərdən (yumşaq disklərdən) 10-15 il öncə geniş istifadə olunurdu. Onların tutumu cəmi 1,44 Mbayt idi. Müasir kompüterlərdə isə bu disklərlə işləyən qurğu olmur.
Kompüterin əsas yaddasaxlama qurğusu sərt diskdir. Sərt disk (HDD) sistem blokunun içərisində yerləşir. Hər kompüterdə sərt disk var və bütün proqram və verilənlər orada saxlanılır. Böyük həcmli informasiyanı saxlamaq, yaxud başqa yerə daşımaq üçün xarici sərt disklərdən istifadə olunur.
Çox vaxt kompüterlər üçün nəzərdə tutulan proqramlar və digər materiallar optik disklərdə yerləşir. Optik disklərin bir neçə növü var. CD-ROM (“si-di-rom” kimi oxunur) disklərinin tutumu təxminən 700 Mbayt-dır, yəni bu disklərin birinin tutumu 450 disketin tutumuna bərabərdir.
CD-ROM disklərinə yazılmış informasiyanı oxumaq olar, ancaq ora nəsə yazmaq olmaz (ROM ingiliscə “read only memory” – “yalnız oxunan yaddaş” sözlərinin qısaltmasıdır). Bu disklərdən fərqli olaraq CD-R, CD-RW disklərinə informasiyanı həm də yazmaq olur.
DVD (“di-vi-di” kimi oxunur) diskləri görünüşcə CD disklərinə çox bənzəyir, ancaq onlara daha çox informasiya yerləşdirmək olur. Adi DVD diskinin tutumu 4,7 Gbayt olur, ancaq daha böyük həcmli DVD diskləri də vardır.