|
ƏLAVƏ OXU ÜÇÜN
|
Həkimlik cəmiyyət üçün çox lazımlı peşədir. Həkimlər insanların sağlamlığı üçün məsuliyyət daşıyırlar. Bununla yanaşı, həkim etikası tələb edir ki, həkimlər xəstələrlə ünsiyyətdə xoş rəftar etsinlər, üzlərində təbəssüm olsun. Çox qədim dövrlərdə də bunu həkimlərdən tələb etmişlər. Bilirsinizmi ki, tibb fakültələrinin tələbələri məzun olarkən and içirlər. Bu and “Hippokrat andı” adlanır. Hippokrat eramızdan əvvəl Qədim Yunanıstanda yaşamış həkimin adıdır. O bu andı həkim peşəsinin şərəf və məsuliyyətini dərk etsinlər deyə, tələbələri üçün tərtib etmişdi.
“Hippokrat andı”ndan:
And içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm. Bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkəti də heç kimə tövsiyə etməyəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm. Sənətimin icrası zamanı başverənləri, görüb eşitdiklərimi sirr kimi saxlayacağam. Andıma sadiq olaramsa, qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa, bunun əksi olsun. |
|
Nə üçün həkimlər “Hippokrat
andı” içirlər?
|