Cisimlər bir-birinə necə təsir göstərir
Təchizat: rezin şar (4 əd.), ipək sap, yun parça.
Araşdırmanın gedişi:
Cisimlər adi halda elektrik yükünə malik deyillər: müsbət yüklü protonların sayı elektronların sayına bərabərdir. Lakin onları birbirinə sürtdükdə (və ya toxundurduqda) bu cisimlərin səthləri arasında elektron mübadiləsi baş verir. Nəticədə cisimlərdən bir qisminin sürtünən hissəsində elektron artıqlığı, digər cismin səthində isə elektron çatışmazlığı yaranır. Bu halda deyilir ki, cisimlər elektriklənmişdir: elektron artıqlığı əldə etmiş səth mənfi elektrik yükü, elektron itirmiş cisim isə müsbət elektrik yükü ilə elektriklənmişdir. Elektrik yükləri isə ətraflarında elektrik sahəsi yaradır. Elektrik sahəsi — fiziki sahənin növlərindən biri olub, cisimlərin elektriklənmiş hissələrinin toxunma olmadan bir-birinə məsafədən təsir göstərmələri ilə hiss edilir.
Elektrik yüklərinin iki növü mövcuddur: müsbət elektrik yükü (+) və mənfi elektrik yükü (-). Eyni işarəli elektrik yükləri bir-birini itələyir, müxtəlif işarəli elektrik yükləri isə bir-birini cəzb edir.