İki arabacığın qarşılıqlı təsiri
Təchizat: 2 eyni arabacıq (arabacıqlardan
birinə elastik lövhə bərkidilmişdir),
ip, kiçik plastilin parçası, qayçı.
Araşdırmanın gedişi:
Bütün cisimlər ətrafdakı cisimlərin təsirinə məruz qalır və özləri də onlara təsir edir. Məsələn, yüksəklikdən sürüşən xizəkçinin sürəti Yerin cazibəsi nəticəsində artır, lakin qarın səthinə sürtünməsi isə onun sürətini azaldır.
Topa zərbə vurduqda o, ayağınızla qarşılıqlı təsirdən sürətlənir. Lakin topun hava və torpağa sürtünməsi onu dayandırır. Beləliklə, cisimləri itələmək və ya dartmaqla hərəkət etdirə bilərsiniz. Cisimlərdən itələnməklə özünüz də hərəkət edirsiniz.
Deməli, fiziki hadisələr cisimlər arasında yaranan qarşılıqlı təsirlər nəticəsində baş verir. Qarşılıqlı təsirlər cisimlər arasında toxunma olmaqla və toxunma olmadan baş verə bilir.