Məsələn, məlum olmuşdur ki, qurğuşun və qızıl lövhələrini bir-birinə çox möhkəm sıxıb saxladıqda 5 il ərzində qurğuşun molekulları ilə qızıl molekulları bir-birinə cəmi 1 mm qarışmışdır (a). Deməli, diffuziyanın sürəti maddənin quruluşundan asılıdır.
Diffuziyanın sürəti temperaturdan da asılıdır: yüksək temperaturlarda diffuziya sürətli, aşağı temperaturlarda isə ləng baş verir.
İçərisinə qənd salınan suyun şirinləşməsi su molekulları ilə qənd molekulları arasında baş vermiş diffuziya hadisəsidir.
Tərəvəzlərin duza qoyulması (b), limon dilimi əlavə edilmiş çayın dadının dəyişməsi (c) diffuziya hadisəsinə misal ola bilər.
Diffuziya canlıların həyatında mühüm rol oynayır. Ağciyərlərdəki oksigenin qana, oradan toxumalara, qida maddələrinin bağırsaqdan qana keçməsi diffuziya nəticəsində baş verir.
Diffuziya müasir texnoloji proseslərdə də geniş tətbiq olunur: aviasiya və raket texnikasında istifadə edilən polad və alüminium ərintilərinin alınması, qaynaq və lehimləmə prosesləri (d), materialların yapışdırılması və s.