Maddələrin müxtəlif hallarda olması onların daxili quruluşundan
asılıdır. Maddələrin quruluşu izah olunarkən üç müddəa əsas
götürülür:
1. Bütün maddələr molekullardan təşkil olunmuşdur.
2. Molekullar arasında cəzbetmə və itələmə qarşılıqlı təsirləri
mövcuddur.
3. Molekullar daim hərəkətdədir.
Maddələr 4 halda mövcud olur. Bunlar maddənin aqreqat hallarıdır: bərk, maye, qaz və plazma. Kainatdakı bütün cisimlər bu hallardan hər hansı biri şəklindədir. Məsələn, dağlar, ağaclar, tikililər, avtomobillər və s. - bərk; Yer atmosferi, buxar və s. — qaz halında; çay, dəniz və okeanlardakı su - maye halındadır. Günəş, ulduzlar və alov maddənin plazma halıdır.
Bərk cisim. Bərk maddəni təşkil edən molekullar müəyyən nizamlı düzülüşə malikdir. Onlar arasındakı cəzbetmə qüvvələri çox böyük olduğundan bu molekullar bir-birindən uzaqlaşa bilmir. Ona görə də bərk cisimlər həcm və formasını saxlayır.
Mayelər. Mayenin molekulları arasında cazibə qüvvələri onun formasını saxlayacaq dərəcədə böyük deyildir. Maye molekulları yerlərini sərbəst dəyişdiyinə görə, yerləşdiyi qabın formasını alır. Lakin buna baxmayaraq mayeləri sıxmaq, demək olar, mümkün deyildir. Beləliklə, mayelər formalarını dəyişir, lakin həcmlərini dəyişmir.
Qazlar. Qazların molekulları arasındakı məsafələr molekulun öz ölçüsündən orta hesabla 100÷1000 dəfəyə qədər böyük ola bilir. Qazların molekulları arasındakı cazibə qüvvələri həm maye, həm də bərk cisimlərdəki molekullararası qüvvələrdən çox-çox kiçikdir. Ona görə də qaz molekulları yerləşdiyi mühitdə sərbəst hərəkət edərək bir-birindən asanlıqla uzaqlaşır və qabın bütün həcmini doldurur (a).
Beləliklə, qazlar müəyyən forma və həcmə malik deyil.
Qeyd edək ki, qaz və maye molekulları sərbəst yerlərini dəyişdiyinə görə, onlar daim xaotik (qarma-qarışıq) hərəkət edir. Molekulların xaotik hərəkəti elmdə molekulların istilik hərəkəti adlandırılır.
Plazma. Plazma ionlaşmış maddədir. Günəş və parıldayan ulduzlar belə maddələrdən ibarətdir (b).