Suallara cavab axtarışı prosesində fərziyyə (hipotez) irəli sürülür.
Fərziyyə — problem sualın ehtimal olunan cavabıdır. Fizikada fərziyyələrin doğruluğunu yoxlamaq üçün fiziki eksperimentlər (təcrübələr ) aparılır.
Fiziki eksperimentlər — xüsusi yaradılmış şəraitdə təbiət hadisələrinin öyrənilmə metodudur.
Eksperimentlər fərziyyəni ya təsdiqləyir, ya da təkzib edir. Eksperimentlər əsasında fiziki qanunlar formalaşır. Məsələn, yağış damcılarının və əlinizdən buraxdığınız daşın necə düşdüyünü müşahidə edin. Onlar həmişə Yer səthinə düşür. Müşahidələrdən belə bir fiziki qanun formalaşır: yağış damcıları və daş Yer tərəfindən cəzb olunduğuna görə həmişə yerə düşür.
Buradan belə bir fərziyyə irəli sürmək olar ki, əgər daş və yağış damcıları Yerin cazibəsi nəticəsində həmişə Yer səthinə düşürsə, başqa fiziki cisimlər də Yerə düşməlidir. Bu fərziyyəni yoxlamaq üçün eksperiment qoyulur. Siz bu eksperimenti artıq xətkeşlə etdiniz və irəli sürdüyünüz fərziyyə təsdiq olundu: xətkeş də yağış damcıları və əlinizdən buraxdığınız daş kimi Yerin cazibəsi nəticəsində aşağı — Yer səthinə düşdü.
Beləliklə, siz bütün cisimlərin Yer tərəfindən cəzb olunması qanununu “kəşf” etdiniz. Qeyd edək ki, fizikada eksperimental tədqiqat metodunu ilk dəfə italyan alimi Qalileo Qaliley tətbiq etmişdir. O, Piza şəhərindəki əyilmiş qüllədən cisimləri sərbəst buraxmaqla onların hərəkətini öyrənmişdir.
Qaliley bu eksperimentlə sübut etdi ki, Aristotelin 2000 il əvvəl irəli sürdüyü “ağır cisimlər yüngül cisimlərdən daha sürətli düşür” fərziyyəsi doğru deyil.
Eksperimentdə təsdiq olunmuş fərziyyə fiziki qanuna çevrilir.
Alimlər müşahidələr, fərziyyələr, eksperimentlər, fiziki qanunlar və bu qanunların ümumiləşdirilməsi nəticəsində fiziki nəzəriyyələr yaratmışlar.