Südabə xala həmişə səhər tezdən durar, uşaqları qalxanadək lazım olan işləri görər, onlar üçün çay-çörək hazırlayardı.
Bu səhər də hamıdan qabaq oyandı. Qalxmaq istədi, amma gördü canı ağrıyır, durmağa da həvəsi yoxdur. Bildi ki, xəstələnib. Yerinin içində astadan öz-özünə danışdı:
— Mən durmasam, iş aşmaz. Gedim bulaqdan su gətirim. Çay qoymaq lazımdır. Hələ uşaqlar əl-üzlərini də yuyacaqlar.
Sən demə, evdə qoca nənə oyaq imiş.
— Ay Südabə, yaman qar yağıb, — dedi, — əynini qalın elə.
Canında üşütməsi olan Südabə xala dedi:
— Tərs kimi özüm də xəstələnmişəm.
— Eləsə, durma yerindən! — qoca nənə Südabə xalanın qalxmasına etiraz etdi.
— Bəs evin işi necə olsun?
— Maşallah, yekə uşaqlardır. İndi onları qaldıraram. Hərəsi bir işin qulpundan yapışar. Mən özüm də evdə...
Südabə xala razılaşıb yerinə uzandı. Qoca nənə durub geyindi. Sonra nəvələrindən birinin çarpayısına yaxınlaşdı və onu dümsüklədi: