Bəli, xan əmr verdi, şəhər meydanında taxt quruldu, camaat hamısı ora yığışdı. Xan da bir dəstə adamla meydana getdi.
Əhməd irəli yeriyib dedi:
— Xan sağ olsun, mən sualların cavabını düz tapsam, bizim kəndimizə toxunmamalısan, bir də zindana saldığın qocalarımızı azad eləməlisən, tapa bilməsəm, nə istəyirsən, elə.
Xan söz verdi ki, şərtlərlə razıdır. Əhməd bir qab su istədi, o saat gətirdilər. O, almaların üçünü də suya saldı. Almaların biri çökdü suyun dibinə, ikincisi qaldı suyun ortasında, üçüncüsü isə lap suyun üzündə üzdü.
Əhməd dedi:
— Birinci, builki təzə alma olduğu üçün canı şirəlidir, ağırdır, odur ki çökdü qabın dibinə. İkinci alma keçənilkidir, bir qədər suyunu çəkib, quruyub deyə, suyun ortasında qalıb, üçüncü alma isə üç il bundan əvvəlkidir. O, tamam suyunu çəkib, yüngülləşib, ona görə də suyun üzündə üzür.
Xanın adamları gördülər, Əhməd düz dedi. Odur ki qaldılar məəttəl. Xan fikrini dəyişmək istədi, amma gördü ki, onda camaatın arasında hörmətdən düşəcək, əlacı kəsildi, qocaları zindandan azad elədi. Kəndə toxunmayacağına söz verdi.
Əhməd qocaları da götürüb öz kəndlərinə qayıtdı. Kənd camaatı bu şad xəbəri eşidib Əhmədin qabağına çıxdı. Ona “afərin” deyib, alqış etdi.
Balaca Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas elədi. Göydən üç alma düşdü. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri də Əhmədin.
Tapşırıq 2.
1. Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” əsərindən parçanı əvvəlki dərslərdə oxumusunuz. Qoca Orqan və oğlan obrazlarının xarici görkəmi və ictimai vəziyyətinin təsviri ilə bağlı araşdırmalar aparmısınız. “Ağıllı uşaq” nağılındakı kəndin kənarında yaşayan qoca və kəndi xilas etmək istəyən oğlan obrazlarını da həmin qaydada tədqiq edin.
2. Düşünün: bu obrazlardan hansının səciyyəvi cəhətləri təsvir edilmiş, hansı haqqında ümumi məlumat verilmişdir?