Keçinin buynuzları, üst-başı par-par parıldayır, bir qədər yaxına gedib gördü keçinin buynuzlarını qızıla tutublar, boynuna qızıldan zınqırov taxıblar, üstünə tirmədən şal salıblar. Daha nə başınızı ağrıdım, keçini elə bəzəyiblər ki, adam baxanda məəttəl qalır. Əhməd başladı keçiyə baxmağa, çoban onu görüb dedi:
— Ay bala, nə çox baxırsan?
Əhməd dedi:
— Ay çoban qardaş, mən belə keçi görməmişəm, ona görə baxıram.
Çoban dedi:
— Sən bu şəhərin adamı deyilsən? Bu keçini görməyən adam yoxdur.
Əhməd gördü, çoban onu tanısa, işlər alınmaz. Odur ki dedi:
— Mən heç yerdən gəlməmişəm, elə bu şəhərdə oluram, amma nənəm məni bu vaxta kimi evdən heç yerə buraxmayıb, odur ki həmin keçini də görməmişəm.
Çoban dedi:
— Bala, onda bil və agah ol ki, bu bizim xanın keçisidir. O, uşaqlıqdan keçini çox xoşlayarmış. Həmin keçini xanın əmri ilə belə bəzəyiblər.
Əhməd bu xəbəri eşidəndə sevindiyindən bilmədi neyləsin, tez qayıtdı geri. Bir az çobandan aralanandan sonra qoyun dərisini dəsmaldan açıb girdi içinə, özünü vurdu qoyunların arasına, sürünə-sürünə keçib gəldi öz kəndlərinə, gördü adamlar qalıblar əlləri qoyunlarında, bilmirlər nə eləsinlər. Həmin gün xanın suallarına cavab verməsələr, kəndləri əldən çıxacaq.
Əhməd irəli yeriyib dedi:
— Camaat, mənə bir hündür dəvə, bir də bir keçi verin, gedəcəyəm xanın şəhərinə, onun suallarına cavab verib kəndimizi xatadan qurtaracağam.
Əhmədin sözünə hamı gülüşdü, dedilər:
— Bala, yəqin, sənin ölümün yetib. Bəs qorxmursan ki, xanın qəzəbinə gələrsən?
Əhməd dedi:
— Mən xandan qorxmuram.