Xanın adamları hamısı eyni vaxtda kəndə doluşub hərəsi bir qocanın evinə getdilər. Onlar hiyləyə əl atıb dedilər:
— Bizim xanımız bir məsələdə bərk çətinliyə düşüb. O, ümidini sizə bağlayıb kömək istəyir. Deyir ki, bircə günlüyə mənə məsləhət vermək üçün yanıma gəlsinlər.
Qocalar yarızor, yarıxoş əlacsız qalıb xanın adamları ilə getdilər.
Xan qocaların gətirildiyini görüb əmr elədi, hamısını zindana saldılar. Bu tərəfdən xan həmin kəndə getmək üçün atlı çağırdı, üç alma verib dedi:
— Bu almaların biri birillik, o biri ikiillik, üçüncü isə üçillikdir. Almaları apararsan həmin kəndə, camaatı meydana yığıb deyərsən ki, xan əmr eləyib ki, bunların neçə illik olduğunu tapsınlar. Onlara üç gün vaxt verirəm, tapa bilməsələr, onda kəndi talan edəcəyəm. Əgər bu sirri tapan olsa, həmin adam yanıma mənim xoşladığım heyvanla gəlməlidir, həm də o elə adam olmalıdır ki, boyca məndən hündür olsun, mən ona aşağıdan yuxarı baxım.
Çapar atlanıb xanın tapşırığını xəbər vermək üçün həmin kəndə gəldi. Camaatı bazar meydanına yığıb əhvalatı söylədi.
Çapar almaları verib geri qayıtdı. Kəndin camaatı nə qədər fikirləşdi, almaların sirrini tapa bilmədi.
Bu kənddə qoca bir qarının Əhməd adlı balaca nəvəsi var idi. O, çox ağıllı və qoçaq uşaq idi. Həmin gecə Əhməd səhərə kimi yata bilmədi, çox fikirləşdi, suallara cavab tapa bilmədi, axırda yadına düşdü ki, bu işdə böyüklərdən məsləhət almaq lazımdır.
Nənəsindən xəbər aldı ki, kəndimizdə heç qoca, ağıllı kişilərdən qalan varmı? Qarı dedi:
— Bala, kəndin kənarında bircə nəfər yaşı yüzü ötmüş bir qoca qalıb, şikəst olduğu üçün xanın adamları onu aparmayıblar.
Əhməd səhər tezdən durub həmin qocanın yanına getdi. Gördü bir nurani kişidir. Saç-saqqalı ağappaq qar kimi, gözləri tutulub, qıçları şikəst olub, yerindən tərpənə bilmir.
Əhməd ədəb-ərkanla qocaya salam verdi, onun yanına məsləhətə gəldiyini söylədi.
Qoca dedi:
— Oğlum, məndən nə məsləhət istəyirsən?