— Mən kasıb bir adamam, bütün var-dövlətimi itirmişəm. Ölkəmə gedib çatmağım üçün sənin köməyinə ehtiyacım var. Sənə bu gözəlliyi və belə rahat bir həyatı bəxş edənin xətrinə mənə bir dəvə versən, onunla ölkəmə çataram. Sənə də çox dua edərəm, — dedi.
Adam birdən qaşlarını çatdı və bütün kefi pozuldu:
— Get başqa qapıya! Mən onsuz da kifayət qədər xeyir və yaxşılıq edirəm. Başqa insanların ehtiyaclarını təmin edirəm.
— Elə bil mən səni tanıyıram. Sən bir vaxtlar xəstəlikdən bütün bədəninin dərisi soyulan və adamların uzaq gəzdiyi, küçələrdə dilənən adam deyilsən? Sonra Allahın yazığı gəlib səni dərdlərindən qurtarmış və sənə çoxlu mal verməmişdimi?
— Yox, xeyr! Səhv edirsən. Gördüyün bu var-dövlət mənə ata- babalarımdan qalıb.
— Əgər sən bu barədə yalan deyirsənsə, Allah səni əvvəlki halına geri qaytaracaq, — dedi və yoluna davam etdi.
Səs tonunun qalxması, enməsi, fasilə, məntiqi vurğu işarələrindən istifadə etməklə parça üzərində iş aparın.
Saçları tökülən adam da çəmənlikdə qurulmuş çadırında oturmuşdu. Ən gözəl paltarlarını geyinmiş, çəmənlikdəki heyvanlara tamaşa edirdi. Mələk ona da kasıb bir adam surətində göründü:
— Mən kasıb bir adamam. İnsanlar məni özlərinə yaxın qoymur və kömək etmirlər. Neçə gündür ağzıma bir tikə də qoymamışam, acından ayaq üstə dura bilmirəm. Nə olar, sənə bu gözəlliyi verən və səni bu qədər varlı edən Haqq-taala xətrinə mənə kömək et, — dedi.
Adam o birisindən daha kobud və nəzakətdən də bir o qədər uzaq idi. Yanına bir ehtiyacı üçün gələnlərə kömək etməkdən yayınırdı. O da kömək etməkdən imtina etdi.
Kasıb adam surətindəki mələk:
— Mən səni tanıyıram. Sən əvvəl saçları tökülmüş, pis görkəmli bir adam ikən Allah səni bu dərddən qurtarmış və indi sahib olduğun sərvəti verməmişdimi?
— Mən anadangəlmə beləyəm, saçlarım da özümü biləndən belə gözəldir. Malım-mülküm də atamdan qalıb.
— Əgər yalan deyirsənsə, Allah səni əvvəlki vəziyyətinə qaytaracaq, — deyən mələk yoluna davam etdi. Üçüncü adama — gözlərinə qovuşan qoyun sahibinə baş çəkdi.
Bu adam bir ağacın altında oturub, düzənlikdə otlayan qoyunlarını seyr edirdi. Yanında nə bir çoban, nə də bir köməkçi vardı.