Bir hekayəni oxumaqla onun əsasında çəkilmiş filmə tamaşa etmək arasında fərqin nədən ibarət olduğunu bilirsinizmi? Əsəri oxuyan rejissor onu öz xəyalında necə canlandırırsa, filmi də o şəkildə çəkir. Siz də yazıçının sizə təqdim etdiyi fikirləri filmin rejissorunun istədiyi kimi görür, dərk edirsiniz. Lakin bədii nümunəni özünüz oxuduqda, sizinlə yazıçı arasında vasitəçi olmur. O zaman əsərdə baş verən hadisələri, oradakı əsas obrazları, ayrı-ayrı məkanları özünüz xəyalınızda canlandırar, həmin görüntüləri təsəvvürünüzdə yaradarsınız.
Odur ki nəqletmə xarakterli bədii nümunələr öyrənmək baxımından son dərəcə əhəmiyyətlidir.
Siz artıq beşinci sinifdə öyrəndiniz ki, nəqletmə xarakterli bədii nümunələrdə aşağıda təqdim edilən quruluş olmalıdır:
Giriş — əsas istiqamətlərin müəyyən edilməsi. (Əsərdə, əsasən, nədən danışılır? Kimdən söz açılır? Hadisələr harada, nə zaman baş verir? və s.)
Əsas hissə — hadisələrin düyünlənməsi. (İştirakçıların başına hansı hadisələr gəlir? Obrazlar arasında nə kimi ziddiyyətlər yaranır? Yaranmış problemlərin həllinə yardımçı olacaq hansı hadisələr baş verir? və s.)
Nəticə — problemlərin öz həllini tapması. (Obrazlar ziddiyyətdən irəli gələn problemi həll edir. Hər hansı obrazın qalib gəlməsi, yaxud məğlub olması mühüm deyil. Əsas odur ki, problem bitir.)
Tapşırıq 1.
Təqdim edilən nümunələri “Oxuya hazırlıq” və “Oxu zamanı” təlimatlarına riayət etməklə oxuyun (səh. 14, 15). Verilən cədvələ əsasən bunlardan hansının nəqletmə xarakterli bədii əsər olduğunu müəyyən edin. Fikirlərinizi əsaslandırın.