Bütün bunlar kiçikhəcmli bədii nümunələrin mahiyyətini anlamaqda, sözün təsir gücünü dərk etməkdə köməkçiniz olub.
Lakin yaxşı oxucu olmaq, sərbəst şifahi və yazılı nitq bacarıqları nümayiş etdirməyi mənimsəmək üçün hələ nə qədər yiyələnməli bilik, bacarıq və dəyərlər var. Bu dərs ilində həmin böyük məqsədimizə doğru daha bir addım atacağıq.
Ötən il araşdırdığınız təsviri və nəqletmə xarakterli bədii nümunələrlə yanaşı, bu il həm də təsviri-nəqli bədii əsərləri də oxuyacaq, onları bütün incəlikləri baxımından tədqiq edəcəksiniz. Müxtəlif əsərləri öyrəndikcə öz araşdırmalarınızın nəticələrini əks etdirən mühakimə xarakterli rəylər də təqdim edəcəksiniz.
Oxu və yazını daha düşünülmüş şəkildə təşkil etmək məqsədilə “Oxu və yazının təşkili”nin beş forması ilə tanış olacaq, onlardan həm oxuyarkən, həm də yazarkən faydalanacaqsınız.
Siz təsviredici bədii nümunələr üzərində ideyanın müəyyən edilməsi mexanizmlərinə ötən dərs ilində yiyələnmisiniz. Bu ildən həmin mexanizmləri nəqli və nəqli-təsviri xarakterli əsərlərə də tətbiq etməyin yollarını öyrənəcəksiniz.
Öyrənəcəyiniz bədii nümunələrdə obrazların hərtərəfli təsviri və təhlili bacarıqlarına yiyələnəcək, onlar haqqında mühakimələr yürüdə biləcəksiniz.
Qarşınızdakı dərslikdə verilmiş müxtəlif xarakterli (təsviri, nəqli və nəqli-təsviri) bədii nümunələrin quruluşunu, elementlərini müəyyənləşdirəcək və onları qarşılaşdıracaqsınız. Onlar haqqında şifahi və yazılı rəy bildirəcəksiniz.
Məktəbli dost!
Beləliklə, siz ötən dərs ilində yiyələndiyiniz bilik və bacarıqları bu dərs ilində daha da inkişaf etdirəcəksiniz. İnanırıq ki, siz bu işin öhdəsindən yetərincə gələcəksiniz. Öyrəndiyiniz əsərlər sizə bədii zövqünüzü formalaşdırmağa, bədii ədəbiyyatı dərindən dərk etməyə kömək edəcəkdir. Bu yolda sizə uğurlar arzulayırıq!