YAZAQ, YARADAQ: YAZIYA HAZIRLIQ, YAZI,
QARŞILIQLI YOXLAMA, TƏQDİMAT
Məktəbli dost! Siz ibtidai siniflərdə inşa, esse yazmısınız. ötən il isə bu nümunələri yazmağı daha yaxşı öyrəndiniz. Siz artıq bilirsiniz ki, esse ədəbiyyatda bir janr olub, müəllifin hər hansı mövzu ilə bağlı düşüncələrini və hisslərini şərh edən kiçik bədii nümunədir. Onun dili həm obrazlıdır, həm də danışıq dilinə yaxındır. Yəqin, unutmamısınız ki, təsviri esse yazmazdan əvvəl ətrafdakı əşya və hadisələri diqqətlə müşahidə etmək, fikirlərin ifadəsi zamanı isə müxtəlif bədii təsvir vasitələrindən istifadə etmək lazımdır. Bu dərs ilində təsviri esse yazı haqqında bilik və bacarıqlarınızı daha da artıracaq, yeni-yeni nümunələr yaradacaqsınız.
Unutmamısınız ki?!
Bütün uğurla yazılmış nümunələr kimi, təsviri esse də quruluş baxımından düzgün tərtib edilməlidir. Esse yazıya giriş hissə ilə başlanır. Burada siz təsvir etdiyiniz əşya, hadisə, insan və ya məkana öz münasibətinizi bildirin.
Əsas hissədə təsvir edilən subyektin səciyyəvi cəhətləri müxtəlif təsvir vasitələrinin yardımı ilə təqdim edilir. Əgər siz insanı təsvir edirsinizsə, esseyə daha üç abzas daxil etməlisiniz. Birinci abzasda insanın gəlişi, ikinci abzasda onun şəxsiyyəti, əsas xüsusiyyətləri, üçüncü abzasda isə marağı və istedadından söz açmalısınız.
Essenin nəticə hissəsində mövzu ilə bağlı təəssüratlarınızı təqdim etməli, fikirlərinizi əsaslandırmalısınız.
Təsviri yazıda təsvir vasitələrindən istifadəyə xüsusi əhəmiyyət verilir. Yazıda təşbeh və epitetlərdən, habelə faktlardan istifadə olunsa, təsvir edilən subyekt haqqında daha ətraflı fikir yaranar.