Fransızca bir kəlmə də bilmirdi. Rusca isə elə aydın, elə ifadəli danışırdı ki, nə demək istədiyini tamamilə başa düşürdük. Onun sifətindən xoşbəxtlik yağırdı. Elə bil Babil qülləsinin dağıldığı gündən bu günə qədər alimlərin yaratmaq arzusunda olduğu beynəlxalq əlifbanın ilk hərflərini bu xoşbəxt adam kəşf etmişdi.
Faytonlara əyləşib M.Piqulevskinin iqamətgahına gəldik. Mən onun üz-gözündəki sevinci indi anladım. Onun on altı yaşında gül kimi zərif və gözəl qızı, otuz iki-otuz dörd yaşında, anadan çox öz qızının bacısına oxşayan çox cazibədar bir qadın əlimizi sıxaraq bizi salamladı. Ailənin iki-üç uşağı da vardı. Heç vaxt ağrı-acı dadmamış bu ailə həyatın pillələri ilə dərdsiz-qəmsiz irəliləyirdi.
Natəvanın və onun ailə üzvlərinin təsvirinə diqqət edin.
Səbirsizliklə gözləndiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin — gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşlı oğlan uşağı isə nənəsinin dizinə sıxılmış və sövqi-təbii ilə kiçik əlini belindən asılan xəncərin üstünə qoymuşdu. Mən mat qalmışdım. Bu, fransız qadınının uşağın oynamasına icazə verə biləcəyi oyuncaq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu, birinci uşaq oyuncağı hesab olunurdu.
Gənc xanımın həyat yoldaşı Xasay xan Usmiyev ürəyəyatan, gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşlı Xasay xan qədd-qamətli idi. Alışıb-yanan gözlərində nəsə bir narahatlıq duyulurdu.