Şəhərin mərkəzində nəzəri Xan sarayı cəlb edirdi. Buradan qədim məscidin əyilmiş minarəsini və ayağını Xəzərin suları yuyan Qız qalasını da görmək olur.
Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üçqat olan qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı qapıdan keçirmək üçün yan atı açmalı olduq. Şəhərin Şimal qapıları yanında böyük bazar, Şərq memarlıq üslubundan daha çox Qərb memarlıq üslubuna yaxın, daha doğrusu, Avropasayağı tikilmiş binalar və sağ tərəfdə xristian kilsəsi vardır. Bizi birbaşa M.Piqulevskinin iqamətgahına apardılar. O, qapının ağzında bizi salamladı, lakin evə dəvət edə bilmədi. Çünki evində iki azərbaycanlı qadın qonağı vardı. Müsəlman dini qadınların yad kişilər yanında üzü açıq oturub söhbət etməsinə yol vermir. Bu yandan da bizə uzun səfərdən sonra yuyunub-rahatlanmaq vacib idi. Bizi öz adamlarından biri ilə yaşayacağımız “Avropa klubu”na yola salan M.Piqulevski yuyunub-rahatlandıqdan sonra onunla nahar etməyimizi xahiş etdi.
Xristian kilsəsinin yanında şəhərin ən mənzərəli yerlərindən birində yerləşən bu klubun salon və otaqlarını mənim sərəncamıma vermişdilər.
Göstərilən qonaqpərvərlik üçün söz tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, bütün yolboyu bizə göstərilən qonaqpərvərlik gözlədiyimizdən də üstün idi.
Yuyunub-rahatlanmaq üçün M.Piqulevskinin bizə çox vaxt verməsinə ürəkdən sevinirdik. Lakin yenicə
yuyunmuşduq ki, Piqulevski özü iki faytonla arxamızca gəldi. Azərbaycanlı
xanımlar öz
milli və dini qanunlarını pozaraq mütləq məni
görmək istəyirdilər.
Biz hazırlaşana qədər M.Piqulevski gözlədi.
O, gözəl adam idi. Onun haqqında bir neçə kəlmə deməyə dəyər.
O, Bakının həm bələdiyyə, həm polis rəisi, həm də hakimi idi. Bu ucaboy, enlikürək adamın qırx yaşı olardı. Əynində rus forması, başında azərbaycanlı papağı vardı. Xəz papağını gözlərinin üstünə elə basmışdı ki, alışıb-yanan və gülümsəyən gözlərini güclə görmək olurdu. Gözlərindən səmimilik oxunurdu. Dolu sifəti, mirvari kimi ağ dişləri, gözəl dodaqları gözləri ilə tamamilə həmahəng idi.