Evlərin bacalarından tüstü çıxır, biçənəkdə sürülər otlayırdı. Arpa-buğda cücərib qalxmışdı. Orda-burda boz dağların döşünə elə bil qeyri-bərabər biçimdə xalılar döşənmişdi.
Hər halda bu, mədəniyyət idi. Əkin-biçin, qorxusuz otlayan sürülər, evlər, sakitlik insanların dinc həyat sürdüyünə dəlalət edirdi.
Dərindən nəfəs aldım. Neçə vaxt idi ki, mədəniyyət barədə heç bir söz eşitməmişdim. Özümü rahat hiss etdim.
— Görəsən, yolun mənzərəli və təhlükəli hissəsi birdəfəlik arxadamı qaldı?
— Bəli, — deyə azərbaycanlı bələdçimiz cavab verdi.
Lakin Qafqaz dağlarının o biri ətəyində biz gözəl mənzərələr və təhlükə məfhumlarının ikili xarakter daşıdığını duyub razı qaldıq. Təhlükə, qorxu yolçunun qəribə bir yol yoldaşıdır. Əvvəlcə adam çəkinir, çalışır ki, qorxuyla üz-üzə gəlməsin. Sonra ona alışır və nəhayət, onun yaxında olmasını arzulayır. Bu elə bir təsiredici qüvvəyə malikdir ki, yaxında olanda insan hər şeyin qiymətini, dəyərini ikili duyur. Təhlükənin olmasına adam sevinir, o sovuşanda təəccüblənir. Hətta yolunu dəyişib təhlükəli, qorxulu yolla getmək istəyir.
Biz istəməzdik ki, onunla birdəfəlik vidalaşaq. Ona görə də “hələlik” deyirəm...
Yol elə bayaqdan gəldiyimiz kimi davam edirdi. Enişlər, yoxuşlar...
Birdən qarşımıza əvvəlkilərdən daha dik və çətin bir yoxuş çıxdı. Yoxuşda atların işini asanlaşdırmaq üçün yox, Bakını bizdən gizləyən bu axırıncı təpənin başına tez çatmaq üçün faytonlardan yerə tullandıq. Yoxuşun lap başına çatanda uzaqda Xəzər dənizini gördük. Bizimlə dəniz arasında bəzi yerləri çökəkliklərdə gizlənən Bakı şəhəri yerləşirdi. Lakin tezliklə Bakı bütün gözəlliyi ilə gözümüz önünə gəldi. Elə bil şəhərə göydən düşmüşdük. İlk baxışdan adama elə gəlirdi ki, Bakı iki hissədən ibarətdir: Ağ şəhər, Qara şəhər. Bakı Rusiyanın tərkibinə daxil olandan sonra şəhər ətrafında meydana gələn tikililər Ağ şəhəri təşkil edir. Qara şəhər isə şəhərin qədim hissəsidir. Bu şəhər də Dərbənd kimi divarlarla əhatə olunmuşdur. Dərbənd qalasının divarları qədər gözəl və mənzərəli olmasalar da, bu divarların özünəməxsus xüsusiyyətləri var. Aydın məsələdir ki, bu divarlar artilleriyadan deyil, soyuq silahdan müdafiə olunmaq üçün ucaldılmışdır.