Ədəbiyyat fənni vasitəsilə nəyi öyrənəcəksiniz?
Məktəbli dost! V sinifdə əldə etdiyiniz bilik və bacarıqlara əsasən “Ədəbiyyat fənni vasitəsilə nəyi öyrənəcəyəm?” sualına bu və ya digər səviyyədə cavab verə bilərsiniz. Ötən il ərzində bir çox maraqlı bədii nümunələrlə tanış olmuş, onların vasitəsilə mühüm bilik və bacarıqlara yiyələnmisiniz. Bədii sözün qüdrəti ilə insanlara yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılayan ədəbi nümunələri araşdırmısınız. Şəhərlərimizin, kəndlərimizin, dağlarımızın və s. gözəllikləri təsvir edilən əsərləri oxuyub dəyərləndirmisiniz. Həmçinin keçmişdə, yaxud müasir dövrümüzdə baş verən hadisələrdən bəhs edən bədii əsərləri də təhlil etmisiniz, öyrənmisiniz ki, mətnlər xüsusiyyətlərinə görə müxtəlif olur. Bu səbəbdən də onlar fərqli üsullarla yazılır, oxuyanda da fərqli üsullarla dərk edilir.
İndiyədək öyrəndiyiniz əsərlərdən mətnin növü və quruluşu ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələnmisiniz. Ötən dərs ili ərzində təsviri, nəqli xarakterli bədii nümunələrlə tanış olmuş, onları bir-birindən fərqləndirməyi öyrənmisiniz. V sinifdə keçilmiş bədii nümunələr əsasında bədii oxunun təşkili yolları, əsərin ideya və məzmununu müəyyən etməyin üsulları ilə tanış olmusunuz.
Artıq bilirsiniz ki, oxuduğunuz mətnin növü və quruluşu haqqında məlumatlılıq həmin əsərin asanlıqla dərk edilməsində sizə yardım edir.
Əsərlərdəki obrazların başlıca xüsusiyyətlərini müəyyən etməyi də artıq bacarırsınız. Təkcə bədii nümunələri qiymətləndirməkdə deyil, həm də həyatda insanları, müxtəlif situasiyaları dəyərləndirməkdə yararlı olan həyati bacarıqlara yiyələnmisiniz. Bu vaxtadək qazandığınız bilik və bacarıqları tətbiq etməklə yeni bədii nümunələr — təsviri və nəqli esselər yaratmış, öz tədqiqatlarınızın nəticəsini əks etdirən inşalar yazmısınız. Bu prosesdə siz həm yoldaşlarınızın yaratdıqları kiçik əsərlərlə tanış olmuş, həm də yaratdığınız nümunələri dəyərləndirmələri üçün onlarla əməkdaşlıq etmisiniz.