Tapşırıq 5.
1. “Oxudan sonra” təlimatı üzrə iş aparın (cədvəl 3, səh. 17).
2. İdeya və məzmununu müəyyənləşdirdikdən sonra şeiri yenidən ifadəli oxuyun.
Tapşırıq 6.
Şeiri oxuyarkən təsəvvürünüzdə canlandırdığınız Azərbaycan mənzərəsi ilə bağlı kiçik bir rəsm çəkin və ya aplikasiya hazırlayın.
Məmməd Araz
Sənətkarın tərcümeyi-halı, taleyi və həyatı daha çox onun yaradıcılığında öz əksini tapmışdır. Bunu Xalq şairi Məmməd Araz özü də etiraf edirdi. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir... Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir...”
Məni şeirimdə gəz, bir insan kimi,
Qəlbimdə nə varsa, ona demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
Məmməd Araz şeiri qaynar həyat seli, sehrli mənəvi dirilik çeşməsidir. Dünənimizdən ibrət dərsi almaq, bu günümüzün ab-havası ilə yaşamaq, sabahımızın mənzərəsini ayın-şayın görmək, amalımızı, məqsədimizi müəyyən etmək üçün Məmməd Araz poeziyası ən etibarlı və ağıllı bələdçidir.
Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi Məmməd İnfil oğlu İbrahimov - Məmməd Araz milli şeirimizin ağsaqqalı, şeir-sənət ustadı kimi tanınmış və sevilmişdir. Vətənpərvər şair öz əsərləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.