Axşamçağı naxırı obaya doğru sürərkən hamı ona tamaşaya çıxdı.
Hətta Kərim baba da bu tamaşadan qalmadı, uzaqdan laqeyd baxışlarla arvadını seyr etdi. Ayrım qızı əsla tövrünü dəyişməyərək əlində çomaq o inəyin, bu öküzün arxasınca bağıra-bağıra qalırdı.
Kəndlilərdən biri gülə-gülə Kərim babaya:
— Ay Kərim, ay Kərim! Buna Ayrım qızı deyərlər, adamdan belə hayıf alarlar, bu pəhləvan arvad kişidən artıqdır, — dedi.
Bu sözün Kərim babaya bir milçək vızıltısı qədər təsiri olmadı, gurlayan səsi ilə:
— Mənim kimi kişinin elə də arvadı olar, — deyə cavab verdi.
Abdulla Şaiq
Azərbaycan ədəbiyyatında görkəmli şəxsiyyət, uşaq ədəbiyyatının yaradıcılarından biri kimi tanınır. “Həpimiz bir günəşin zərrəsiyiz”, - deyən Abdulla Şaiq bütün əsərlərində xalqları dostluğa, əmin-amanlığa çağırırdı. Abdulla Şaiq həm də milli uşaq teatrının banisidir. Şair ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır. Onun əsərləri məktəblərdə tədris edilir. Uşaqlar onun hekayələrini, nağıllarını, təmsillərini sevə-sevə oxuyurlar. Abdulla Şaiq xalqın, Vətənin gələcəyi naminə var gücü ilə çalışmışdır. Kiçikyaşlı uşaqlar üçün yazdığı şeirləri bu gün də dillər əzbəridir. Elmə çağırış, gənc nəslin tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər onun əsərlərinin əsas mövzusu olmuşdur.
Ana vətənin gözəl təbiətini uşaqlara sevdirmək Abdulla şaiq əsərlərində başlıca yer tutmuşdur. O, çalışır ki, uşaqlar təbiəti duyub sevsinlər, ondan zövq alsınlar, ona xidmət etməyi, onu zənginləşdirməyi bacarsınlar. Zəhməti sevmək, xeyirxah işlərə, nəcib əməllərə çağırış Abdulla Şaiqin əsərlərində təbliğ olunan gözəl xüsusiyyətlərdir.