Kərim baba inəkləri cüzi ayıqlıqla güdərdi. Özünün də iki inəyi, dörd-beş qoyunu var idi. Hər gün inəkləri bir yamaca yayıb obaya qayıdardı. Bu işdə ona bəzən kiçik oğlu Vəli də kömək edərdi. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. O da onların içində olmalı idi. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi; lakin o bunlara heç əhəmiyyət verməyib nəşəsini pozmaz, tütək çalar, sümsü qayırar, hələ bayatı-şikəstəsi də ağzından düşməzdi.
Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. Bu çalışqan, namuslu qadının üzündə kişilərə məxsus bir heybət vardı. Hələ gurlayan səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanırdı. Gündüzləri bir yandan bizim evdə çalışıb-çapalayar, bir yandan da öz evinin işlərini görərdi. Meşədən şələ-şələ odun daşıyar, sac asar, çörək bişirər, özgələrinin inəklərini, qoyunlarını sağar, nehrə çalxalayar və yorulmaq nə olduğunu bilməzdi.
Bu vaxta qədər kimsə Ayrım qızından “yoruldum” sözünü eşitməmişdi. Həyat onu belə öyrətmişdi. Onun əsl adı Fatma idi. Atası “ayrım” olduğundan hamı onu “Ayrım qızı” çağırırdı.
Bu iki adamın təbiəti bir-birinə əsla uymurdu. Onun üçün Ayrım qızı bir yandan Kərim babanın uşaqcasına işlərindən, qəribə hərəkətlərindən darılar, o biri tərəfdən də naxır sahiblərinin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasından hər gün söylənərdi. Kərim baba heç bir şeyə əhəmiyyət vermədiyi kimi, buna da əsla əhəmiyyət verməyib nəşəsindən, kefindən qalmazdı.
Bir gün qadınlarla uşaqlar moruq və çiyələk yığmağa getmişdilər. Kərim baba sıradan heç qalarmı? Ayrım qızı Kərim babanın da getdiyini, naxırın başsız qaldığını bilmiş, naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi.