ABDULLA ŞAİQ. “KÖÇ” HEKAYƏSİNDƏN
“KƏRİM BABA” VƏ “AYRIM QIZI” PARÇALARI
(BİZ NƏ ÖYRƏNDİK?)
Tapşırıq.
Bədii əsərdən verilmiş parçanı oxuyun. 30 və 36-cı səhifələrdəki 9-cu və 10-cu cədvəllərə əsasən insanı ictimai varlıq kimi və fiziki göstəricilərinə görə təsvir edin. Qeydlərinizi dəftərdə yazın.
Günlərimin bir qismini Kərim baba ilə keçirirdim. Kərim baba altmış yaşlarında, qısaboylu, köksü və kürəkləri enli bir qoca idi. Gözünün yanları iri cizgilərlə örtülmüş və kiçilmişdisə də, yenə parlaq idi. Söz söylədiyi zaman daima kiçik gözləri, qalın və iri dodaqları gülərdi. Onun keçirmiş olduğu uzun bir tarixi hər zaman gözlərindən oxumaq olurdu. Yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, canı sapsağlam idi. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və qoçaq olduğu anlaşılırdı. İndi belə fikri-zikri daima ovda və şikarda idi.
Atasından qalma köhnə tüfəngi var idi. Bu tüfəngin lüləsi kiçik bir top lüləsi qədər idi. Onu hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı. Hər gün silər, təmizlər və arabir dərənin içinə enərək bir yeri nişan alardı. Nişanladığını vurduqda bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. Tüfəngin bir top qədər şiddətli səsindən xoşlanmayan Ayrım qızı arabir Kərim babaya istehza ilə: “Ayıbını yer örtsün, sən heç bildiyindən əl çəkmə. Yaxşı ki, dədən Qafar sənə bu qırıq tüfəngi qoyub gedibdir”, — deyərkən Kərim baba məğrur bir tövrlə: “İgid atadan igid oğula bir tüfəng, bir də at qalar”, — cavabını verirdi.