Qoca Orqan onu başa düşürdü. O, gözlərini qıyaraq, qayığın dənizdə istiqamətinə baxa-baxa səbirsizlikdən yerində qurcalanan oğlanın halını da hiss edirdi. Qocanın baxışları hərarət saçırdı, o: “Eh, uşaqlıq, uşaqlıq!” — deyə gülümsəmək istədi, lakin yarısönmüş çubuğunu dərin qullab vurub sümürməklə cənglərindəki xəfif təbəssümü vaxtında gizlətdi. Təbəssümü büruzə vermək olmazdı. Oğlan onlarla dəniz səfərinə qayıqda əyləncə üçün çıxmamışdı. O öz dəniz ovçusu həyatını başlamalı idi; o, həyatı birdəfəlik, havaxtsa bir gün elə dənizdə də başa vurmaq üçün başlamalı idi — neyləmək olar, çörəyini dənizdən çıxaran adamın taleyi belədir, çünki dünyada dəniz ovçuluğundan da çətin və təhlükəli iş yoxdur. Ona gərək uşaq yaşlarından vərdiş eləyəsən.
Elə buna görə də atalar deyiblər: «Ağıl — göydən, səriştə — uşaqlıqdan». Atalar belə də deyiblər: “Çörək gətirməyən oğul nəslə yükdür”. Deməli, çörəkgətirən olmaq, ailə dolandıran olmaq üçün kişi xeylağı erkən çağlarından özünə bir peşə seçməlidir. Kiriskin də belə bir peşə öyrənmək çağıydı; oğlanı ovçuluğa öyrətmək, dənizə alışdırmaq vaxtı çatmışdı.
Çingiz Aytmatov
Səs tonunun qalxması, enməsi, fasilə, məntiqi vurğu işarələrindən istifadə etməklə parça üzərində iş aparın.