Oğlan təlaş keçirirdi. Həyəcandan burun pərələri körük kimi qalxıb-yatır, üzünə xəfif çillər çıxırdı. Bu ona anasından keçmişdi; anası çox sevinəndə, üzündə belə xəfif çillər
görünərdi. Oğlanın həyəcan keçirməsinin səbəbi vardı. Bu dəniz səfəri onunçün, onu ovçuluq peşəsinə alışdırmaq üçün düşünülmüşdü. Elə buna görə də Kirisk cüllüt kimi başını o tərəf-bu tərəfə çevirir, ətrafa sonsuz maraq və səbirsizliklə baxırdı. Kirisk ömründə birinci dəfə idi ki, dədə-baba kayakında açıq dənizə, peşəkar ovçularla əsl ova gedirdi. Oğlan yerindən qalxmaq, avar çəkənləri tələsdirmək, dəniz heyvanlarını ovlayacaqları adalara tez çatmaq üçün az qala özü var gücü ilə kürəklərdən yapışmaq istəyirdi. Fəqət uşaq istəkləri təmkinli adamlara gülməli görünə bilərdi. O bundan ehtiyat edərək var gücü ilə hissini büruzə verməməyə çalışırdı. Lakin buna heç də tam müyəssər olmurdu, öz xoşbəxtliyini gizlin saxlamaq onunçün çətin idi; sağlam, qarabuğdayı yanaqları qıpqırmızı olmuşdu. İllah da gözləri — vəcdə
gəlmiş fərəhnak, saf uşaq gözləri onun qəlbini coşduran sevinc və qürurunu gizli saxlaya bilmirdi. Axı qarşıda dəniz vardı, qarşıda onu kalan ov gözləyirdi!!!
* Məntiqi vurğu — cümlədə daha qabarıq səslənən söz və ya ifadədir. Yazıda daha çox xəbərin yanında gəlir. Şərti işarəsi ( ——— )