(İxtisarla)
Qaranlıq çəkilib gedirdi. Səhər səxavətlə nura bələnirdi. Torpağın ümumi cizgiləri yavaş-yavaş aydın görünür, dənizin üzü get-gedə açılırdı.
Gecə küləyin coşdurduğu dalğalar sahilə yaxın yerlərdə hələ də ağ köpüklü cərgələrlə çarpırdı. Gözdən itən uzaq-uzaq dərinliklərdə isə ağır, xəfif ləpəli dəniz tutqun-tutqun parıldayır, sakitləşib ram olurdu...
Qara buludlar dəniz üzərindən köçlənərək sahil təpəliklərinə doğru sürünürdü.
Bu yerdə, Alabaş buxtasının yaxınlığında çəpəki ucalan dağlıq yarımadada ən çox nəzərə çarpan və uzaqdan baxanda, doğrudan da, dəniz kənarıyla baş alıb qaçan nəhəng ala-bula köpəyi xatırladan bir qaya-təpə var. Böyürləri qarışıq kollu-meşəli, başında sallaq pələqulağa oxşayan iri qar talasını, quzey çuxurunda isə ondan da iri bəyaz qar zolağını yayın qızmar günlərinəcən qoruyub saxlayan Alabaş qaya dənizdən də, meşədən də həmişə aydınca görünürdü.
Sübh tezdən, Günəş iki qovaq boyu qalxanda, buradan, Alabaş buxtasından bir nivx kayakı ayrılıb, dənizə yol aldı. Qayıqda üç ovçu və bir oğlan uşağı vardı. Kişilərdən nisbətən daha cavan və qüvvətli olan ikisi dörd kürəklə avar çəkirdi. Gözünü, ələlxüsus da boynunu dərin qat-qırış basmış, iri, kələ- kötür əlləri çat-çat olmuş qoca qayığın arxa tərəfində oturub çubuğunu ağır-ağır sümürərək sükanı idarə edirdi. Saç-saqqalı çallaşmışdı artıq. Demək olar, ağarmışdı. Qəhvəyi çöhrəsində çal qaşları gendən seçilirdi. Qoca yaşaran, qan sağılmış gözlərini adəti üzrə qıymışdı — axı o bütün ömrü boyu Günəş şüalarını əks etdirən sulara baxmalı olmuşdu və indi adama elə gəlirdi ki, o, körfəzdə qayığın hərəkətinə kor-koranə istiqamət verir.