Mirvarid Dilbazi
“Bəy nəslinə mənsub olduğumuzdan əziyyətimiz çox oldu. Doğrudur, camaatımızın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq düşdük. Lakin maddi çətinliklərin pəncəsindən qurtara bilmədik. Çünki bütün var-dövlətimizi müsadirə etmişdilər. Biz - iki bacı müəllimlik edərək anamızı da özümüz saxlayırdıq. O illərdə ölkədə hər şey qıt idi. Biz bacılar isə seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan-qalan qızıl zinətlərini qızıl mağazasına verərək bir-iki dəst paltarlıq parça ala bilmişdik”.
Bu qeydlərin müəllifi Mirvarid Dilbazi Azərbaycan poeziyasının ədəbi bir incisi və mirvarisi oldu. Onun zəngin yaradıcılığı Azərbaycan şeirinə yeni təravət və gözəllik gətirdi. Müsahibələrinin birində söyləmişdi ki, mən çətin, amma şərəfli bir ömür yaşadım.
Mirvarid Dilbazi uşaqlar üçün məktəb və təlim-tərbiyə mövzusunda bir sıra şeirlər yazmışdır. O, əsərlərində gənc nəsli elmə, məktəbə çağırır, biliklərə yiyələnməyə həvəsləndirir. Onun böyüklərə qarşı ehtiram oyadan, sadəliyi, təvazökarlığı təbliğ edən gözəl əsərləri uşaqlar tərəfindən sevilə-sevilə oxunur.