BƏXTİYAR VAHABZADƏ. “QOCALAR”
(BƏDİİ ƏSƏRLƏRDƏ İNSANIN TƏSVİRİ. İCTİMAİ VARLIQ KİMİ)
Siz artıq təsviri xarakterli yazılarla tanışsınız. Bilirsiniz ki, belə mətnlərin yaranmasında əsas məqsəd hər hansı əşya, hadisə və ya məkanın insan şüurunda təsvirini yaratmaqdan ibarətdir. Elə təsviri yazılar da var ki, orada yalnız təbiət mənzərələri deyil, həm də insanlar təsvir edilir. Belə yazılarda insanların xarici görkəminin, daxili dünyasının, hiss və düşüncələrinin təsvirinə yer verilir.
Xatırlayırsınızsa, ötən il siz nəqletmə xarakterli bədii nümunələrdə obrazları təhlil edərkən onların xarici görkəminin, düşüncələrinin necə təsvir edildiyinə dair araşdırmalar aparırdınız. Bu il insan təsvirinin əhəmiyyətli məqamlarını daha dərindən öyrənəcək, esselər yazanda da bu bacarıqlardan istifadə edəcəksiniz.
İnsanı təsvir edərkən daha çox onu digərlərindən fərqləndirən xüsusi cəhətlərin təsvirinə üstünlük verilir. Yəni insanın təsviri kəmiyyətlə deyil, keyfiyyətlə dəyərləndirilir.
Təsvir edərkən dialekt və şivələrdən, jarqonlardan, yaxud anlaşıqlı olmayan sözlərdən istifadə etmək nöqsan hesab edilir.
İnsanın təsviri ilə bağlı olan mətnlər, bir qayda olaraq, indiki zamanda yazılır. Ona görə ki, bu sanki kiminsə təsvir edilən insana baxması nəticəsində baş verir. Məhz bu səbəbdən də mətn həm də üçüncü şəxsin dilindən yazılır.
Oxucu sanki təsvir edilən insanı oxu zamanı müşahidə edir.
İnsanlar iki cəhətdən təsvir edilə bilər:
— insanın ictimai varlıq kimi səciyyəvi cəhətləri;
— insanın xarici görkəmi baxımından səciyyəvi cəhətləri.
Qarşıdan gələn dərslərdə hər iki baxımdan maraqlı bədii nümunələr üzrə araşdırmalar aparacaqsınız.