Ucal Bakıda Abşeronun sərt havasında boya-başa çatmış, gah duzlu-sərin, gah da qan donduran dəli xəzrinin, yayda yandırıbyaxan, qışda qılınc kimi kəsən gilavarın ləzzətini dadmışdı. Bilgəhin, Qalagahın yalçın qayalı sahilləri, Pirşağının sədəf-qumsal çimərlikləri də, hətta Bayılın, Qaradağın, Səngəçalın neft qoxuyan boz qayalıqları da onun nəzərində ayrı cür gözəlliklər idi. Göygöl, məsələn, “Yeddi gözəl” baletindəki rəqqasələr kimi incə, zərif bir
gözəlliyə malikdirsə, Abşeron da əlində silah, yalçın qaya başında sərhəd keşiyində duran cəsur əsgəri, nəhəng dalğalara sinə gərib dəniz buruğundan “qara qızıl” çıxaran mərd neftçini xatırladır.
Mikayıl Rzaquluzadə
Tapşırıq 2.
1. “Oxudan sonra” təlimatını yerinə yetirin (cədvəl 3, səh. 17).
Gəldiyiniz nəticə barədə yoldaşlarınızla fikir mübadiləsi apararkən öyrəndiyiniz yeni sözlərdən istifadə edin.
2. Yoldaşlarınızın fikirlərini dəyərləndirin və onların fikirlərindən yararlanın.
3. Mətndən kiçik bir abzası şərti işarələrdən istifadə etməklə dəftərinizə köçürün.
↗ — səs tonunun qalxması
↘ — səs tonunun enməsi
ǁ — fasilə
Mikayıl Rzaquluzadə
Mikayıl Rzaquluzadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Yazıçı həyata müəllim gözü ilə baxmış, uşaqların tərbiyəsi üçün öz istedad və qabiliyyətini əsirgəməmişdir. Mikayıl Rzaquluzadənin yaradıcılığı öz bədiiliyi və tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edir. Yeni nəslə tərbiyə hissləri aşılamaq, onlarda halal zəhmətə məhəbbət, elmi biliklərə həvəs oyatmaq yaratdığı əsərlərin əsas ruhunu təşkil edir. O, yaradıcılığı boyu müxtəlif mövzulara müraciət etmişdir: vətənin müqəddəsliyindən, onu yaraşığa mindirən uca dağların füsunkar gözəlliyindən, münbit torpaqların varından və bərəkətindən söhbət açmışdır.