Bu ucsuz-bucaqsız səmanın dərinliyini, bu dağ havasının ətirli sərinliyini, bu əlvan çiçəklərin, rəngbərəng kəpənəklərin sayrışmasını, bu xırdaca quşların civiltisini, gölün qoynunda göy qurşağına bənzər ala balıqları hansı boyalarla, hansı sözlərlə təsvir edə biləcəksən...
Axı Göygöl təkcə su, meşə, çəmən, çiçək, səma, sərin hava, göydə süzən quşlar, suda üzən ala balıqlar deyil... Bunlar hamısı birlikdə Göygöldür — Göygöl bunların hamısı deməkdir...
Ucal ilk dəfə gördüyü Göygölü belə vurğun baxışlarla seyr edə-edə düşünürdü. Axı o, rəssam olmaq istəyirdi. O, məktəbdə yeddinci sinifdə oxuya-oxuya rəssamlıq dərnəyinə gedirdi, İndi bura, Göygölə də, əslinə baxsan, elə bu məqsədlə, həm pioner düşərgəsində istirahət etmək, həm də etüdlər çəkmək məqsədilə gəlmişdi. O, dərnəkdə yalnız şəkillər çəkmək, yalnız müəllimin göstərişlərini yerinə yetirməklə kifayətlənməyib rəssamlığa dair kitablar oxuyur, əlavə çoxlu etüd çəkirdi.
Ucal yaxşı bilirdi ki, təbiət gözəlliyi də insan gözəlliyi kimi, yalnız zahiri deyildir. İnsan gözəlliyi yalnız qara gözlərdən, alma yanaqlardan, qələm qaşlardan deyil, əsl daxili aləmdən, insanın
ağlından, kamalından, zəkasından, biliyindən ibarət olduğu kimi, təbiət gözəlliyi də onun sərvətlərindən, nemətlərindən ayrı ola bilməz.