(İxtisarla)
Kəsin eyşi-nuşu, gələnlər sussun,
Yorğanı dumandan, döşəyi yosun,
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göygöl.
Əhməd Cavad
Ucal gözlərinə inanmadı... Yerindəcə donub qaldı.
Bu nə gözəllikdi, bu nə möcüzə idi?!
O, Göygölün şəkillərini çox-çox görmüşdü. Ən adlı-sanlı rəssamların çəkdikləri lövhələrdə də, rəngli kino ekranlarında da, hətta konfet, şokolad qutularının və rəngbərəng şüşələrin üstündə də... Bütün bu şəkillərin ən gözəlləri, hətta zərli çərçivələrə salınmış ən bəzəkli-düzəkliləri də bu mənzərənin qarşısında, Günəş qarşısında şam işığı kimi görünürdü.
Bu nə gözəllikdi... Belə gözəl mənzərəni ancaq ən böyük ustad — ana təbiət yarada bilərdi.
Səhər şəfəqlərinin zərif göyümtül-bənövşəyi işığında dağların sərin nəfəsi gölün üzərindəki incə tül pərdəni ağır-ağır qaldırdıqca güzgü suların qoynunda başqa bir aləm canlanırdı. Ən gözəl nağıllarda, ən şirin röyalarda canlanan əfsanələr aləmindən daha gözəl bir aləm...
Tünd-yaşıl məxmər ətəklərini göldə yuyan gözəllər kimi halay vurmuş cərgə-cərgə şam ağacları pillə-pillə ucalır, vüqarlı Kəpəzin yalçın qayaları sıyrılmış xəncərlər kimi bu gözəlləri, bu gözəlliyi sanki yadlardan-yağılardan qoruyurdu...
Gölün büllur suları pənbə buludları, qızıl şəfəqləri, yaşıl təpələri, yastı qayaları qoynuna alıb ağır-ağır ləngər vurduqca sədəf kimi min rəngə çalırdı...
Yox... yox... İndi Ucalın gözləri qarşısındakı bu mənzərəni təsvir etməyə nə rənglər, nə sözlər çatışar...