ƏLAVƏ №3
Bu hissədə əsərdə iştirak edəcək bütün əsas obrazlar təqdim edilir.
Onların qarşılıqlı münasibətləri, məqsədləri, əsas xüsusiyyətləri haqqında ilkin təsəvvür yaradılır. Əsas obraz və onun qarşısında duran vəzifələr aydınlaşır. Hadisələr düyünlənməyə başlayanda bu mərhələ bitir.
Əsərin bu hissəsində əsas obrazın məqsədi, hədəfi tam məlum olur və o, məqsədinə çatmaq üçün çalışır. Kiçik çətinliklər ilkin mərhələdə onun uğur qazanmasına maneçilik törədir və o, qüvvəsini həmin çətinlikləri aradan qaldırmağa yönəldir. Əsərdə əsas obrazın hər kiçik çətinliyi necə aradan qaldırdığı əks etdirilir. Yalnız bundan sonra əsas obraz öz böyük məqsədlərinə doğru addımlar atmağa başlayır. Bu da ikinci hissənin başa çatmasından xəbər verir.
Bu hissədə hadisələrin inkişafı ən yüksək nöqtəyə çatır, dönüş nöqtəsinə yetişir. Baş verən hadisələrin nəticələri əsas obrazın qəbul etdiyi qərardan çox asılıdır. Əsas obrazın əks tərəfə münasibəti dəqiqləşir və səciyyəvi cəhətləri tam aydınlığı ilə əks etdirilir. Burada qarşı tərəflərin mübarizə planları aşkar verilir. Onların ilk qarşıdurması təqdim edilir. Bu qarşıdurma nə tam qələbə, nə də tam məğlubiyyətlə bitir. Qarşı tərəflərin planları bəzən baş tutur, bəzən də əks tərəf onun baş tutmasına mane olur. Burada əsas obrazın qəbul etdiyi qərarlar onun insani keyfiyyətlərini üzə çıxarır. Bu da onun aqibətini müəyyən edir.
Düyünlərin açılması əsərin ən gərgin hissəsidir. Bu hissədə şər qüvvələr xeyir qüvvələrə üstün gəlirlər. Oxucu elə hiss edir ki, şər qüvvə qalib gələcək. Əsas obraz qələbədən çox-çox uzaq görünür. Qələbənin çətinliklə əldə edilməsi əsas obrazların müxtəlif üstün cəhətlərini vurğulayır. Lakin bu cəhətlərdən hansının onun qələbəsinə daha çox yardım edəcəyi oxucuya hələ də məlum olmur.