Xəsisliklə qənaəti qarışdırma.
Xata ilə cinayəti qarışdırma.
İsraf ilə səxavəti qarışdırma.
Küsü ilə küdurəti qarışdırma.
Zorbalıqla əzəməti qarışdırma.
Girov ilə əmanəti qarışdırma.
Qaxınc ilə məzəmməti qarışdırma.
Güzəşt ilə bəraəti qarışdırma.
Hikkə ilə qətiyyəti qarışdırma.
Əsarətlə himayəti qarışdırma.
Məzlumluqla nəcabəti qarışdırma.
Yaxınlıqla məhəbbəti qarışdırma.
Yuyunmaqla qüdsiyyəti qarışdırma.
Mərhəmətlə ülviyyəti qarışdırma.
Daha nəyi... daha nəylə qarışdırma.
Tükü-tükdən ayır səylə, qarışdırma.
Aman... aman!!! Qarışdırma.
Heç bir yerdə,
Heç bir zaman
Qarışdırma!
Qabil