Əlini boşaltdı. Pəhləvanın çiynindən tutub yuxarı qaldırdı. Sıxılmış “yay” indi də asta-asta açılıb dikəldi. Rüstəm əlini götürdü. Pəhləvan ufuldanıb dərindən nəfəs aldı. Bilmədi, gözünü gün qamaşdırdı, yoxsa başının üstündə qığılcım oynadı. Özünə gələndə gördü ki, qəbiristanlığı bürüyən kölgə uzaqlaşdı. Yenə ayağının altında yer titrədi, başdaşları silkələnib şaqqıldadı. Rüstəm Zal yox oldu. Pəhləvan çiynini ovxalaya-ovxalaya onun dalınca qışqırdı:
— Sənin ki belə gücün var, bəs niyə mənim kimi məşhur deyilsən?
Yerin altından səs gəldi:
— Sənə “aslanım” deyən mənə “pişiyim” desəydi, dünyanı çiynimdə gəzdirərdim.
Diziaynalı kürəyini söykədiyi başdaşının dibinə çömbəldi. Qolu ilə alnındakı soyuq təri sildi.
Qəbiristanlığa ağır və vahiməli bir sükut çökdü.
İsmayıl Şıxlı
(Oğlum Mahirə)
Kobudluqla cəsarəti qarışdırma.
Yaltaqlıqla nəzakəti qarışdırma.
Mütiliklə sədaqəti qarışdırma.
Lovğalıqla ləyaqəti qarışdırma.
Tərs damarla dəyanəti qarışdırma.
Dəlibaşla şücaəti qarışdırma.
Tülkülüklə fərasəti qarışdırma.
Düşmənliklə rəqabəti qarışdırma.
Qızğınlıqla hərarəti qarışdırma.
Kef-damaqla səadəti qarışdırma.
Uydurmaqla rəvayəti qarışdırma.