— Mənə siz yox, Rüstəm Zal lazımdır.
Ölülər daşları qaldırıb qəbirlərin altında yox oldular.
Diziaynalı pəhləvanın sükutdan qulaqları cingildədi. Üfüqə doğru əyilmiş günəşin qürub sarılığında daha vahiməli görünən başdaşlarına baxıb yenidən qışqırdı:
— Rüstəm Zal, hey!..
Onun səsi qəbir daşlarına toxunub cingildədi. Pəhləvan qulaq verib öz səsinin əks-sədasını dinlədi. Birdən ayağının altında yer titrədi. Başdaşları silkələnib şaqqıldadı və Diziaynalı gördü ki, qəbiristanlığın aşağı tərəfindən bir təpə qalxdı və onun üstünə yeridi. Diziaynalını vahimə basdı. Dalı-dalı geri çəkilib kürəyini uca bir başdaşına söykədi. Əlini qılıncın dəstəyinə aparıb gözlədi.
Gələn insan idi. Yeridikcə dizə qədər torpağa batırdı. Onun enli kürəyi günəşin qabağını kəsdiyindən qəbiristanlığa qaranlıq çökdü. Ətrafdakı quru otlar, yovşan kolları tərpənib xışıldadı. Elə bil külək əsdi. Diziaynalının bədənini soyuq tər basdı. Çığırmaq istədi, səsi çıxmadı. Vahiməli-vahiməli qılıncını siyirib havada yellədi. Qüvvətli bir əl onun qolunu burub yanına saldı:
— Özünü niyə itirdin?
— Sən kimsən?
— Rüstəm Zalam.
O, kənara durdu. Pəhləvanın üzünə gün düşdü. Diziaynalı təpimiş dodaqlarını yalayıb qarşısında dayanan nəhəngə baxdı:
— Niyə torpağa batırsan?
— Görünür, torpaq yumşaqdır.
— Bəs mən niyə batmıram?
— Yəqin, mən səndən ağıram.
— Yəni demək istəyirsən ki, səndən güclüyəm?
— Bilmirəm. Hələ səninlə gücümü sınamamışam.
— Sən pəhləvansan?
Rüstəm Zal gülümsündü:
— Sözünü de.
— Diziaynalı onun mehribanlığından azacıq ürəkləndi və altdan yuxarı Rüstəmin üzünə baxdı. Bu nəhəngin qarşısında nə qədər balaca və cələfsiz olduğunu dərk etdi.
— Bəs sənin sorağın qulağıma niyə dəyməyib?