Şah qəzəbini boğub zorla gülümsündü. Diziaynalı bu gülüşdəki məzəmməti duymadı.
— Sabahkı döyüşdən qabaq səni bir yerə göndərəcəm.
— Hara?
— Qəbiristanlığa.
- Nə?!
Şah pəhləvanının təəccübünə əhəmiyyət vermədi. Sakitcə sözünə davam etdi.
— Gedərsən qəbiristanlığa, Rüstəm Zalı çağırarsan.
— Ölü mənim nəyimə lazımdır?
— Gərək olar.
Pəhləvan gəldiyi kimi, gedəndə də heç kəsi saymadı.
O, şəhərin kənarındakı qədim qəbiristanlığın girəcəyində ayaq saxladı. Xəfif külək yovşan qoxulu havanı onun üzünə çırpdı. Qəbiristanlıq böyük idi. Üstü naxışlı uca, iri başdaşları qibləyə üz tutaraq qatarlaşmışdı. Daşların üstünə qəbirdə yatanların sənətini bildirən şəkillər çəkilmişdi.
Pəhləvan asta və ləngərli addımlarla lal sükuta qərq olmuş qəbirlərin arası ilə ortadakı təpəyə doğru addımladı. Otlar saralmışdı. Çökmüş qəbirlərin ətrafında böcəklər dolaşırdı. O, qurumuş otların, yovşanların arası ilə addımladıqca çəyirtkələr ətrafa sıçraşırdı. Pəhləvan bəzən büdrəyib çuxura düşür, ayağının altında sümüklər ovxalanırdı.
Diziaynalı dikdirdə dayanıb nəfəsini dərdi. Nizami qoşun kimi sıralanmış başdaşlarına baxıb saymazyana qışqırdı:
— Ay Rüstəm!
Qəbir daşları tərpəndi. Müxtəlif tərəflərdən, yerin altından çıxanlar asta-asta ona yaxınlaşdılar. Pəhləvanın qarşısında dayanıb intizarla gözlədilər. Diziaynalı onları təkəbbürlə süzüb gülümsündü:
— Sizi kim çağırıb?
— Sən.
— Siz kimsiniz?
— Rüstəmik.
Pəhləvan qəhqəhə çəkdi. Əvvəlcə istədi onları qabağına qatıb qəbiristanlıqdan qovsun. Sonra fikrini dəyişdi: