Hekayə
(Təmsil)
Adı dünyaya yayılmış Diziaynalı pəhləvan bir gün şahın hüzuruna gələndə baş əymədi. Vəzir-vəkili də saymayıb dərhal yuxarı keçdi. İçəridəkilər onu gözaltı süzsələr də, qorxularından heç nə demədilər. Bilirdilər ki, şah istəkli pəhləvanına söz deyənin boynunu vurdurur. Diziaynalı, adəti üzrə, şahın sağ tərəfində əyləşdi, dəstəyi naxışlı, uzun, enli qılıncını dizinin üstünə qoyub şəstlə içəridəkiləri süzdü. Şah da dinmədi. Həmişə başını tumarlayıb kürəyinə döydüyü sevimli pəhləvanının axır vaxtlar heç kəsi saymadığını, bu gün isə onun özünə belə məhəl qoymadığını görsə də, susdu. Ancaq hiss etdi ki, barmaqları şahlıq taxtının dirsəkliyini sıxdı.
— Necəsən, oğlum?
— Keyfin yaxşı olsun.
— Güləşməyə hazırsanmı?
— Güləşməyə yox, dünyanı çiynimə qaldırıb yerə çırpmağa da hazıram. Bu saat qollarımda elə güc var ki, heç kəs, heç kim qabağımda dayana bilməz!
— Yəni deyirsən, dizini yerə gətirən olmaz?
— Elə oğulu hələ anası doğmayıb.
Pəhləvan ayağa durdu. Sinəsini qabardıb şahın önündə dayandı. Onun enli kürəyi otağın yarısını tutdu. Şah pəhləvanının iri, cod əllərinə, tüklü qollarının şişmiş əzələlərinə, şüşənin altından aydın görünən diz kündələrinə, döş qəfəsinin aşağısına, qabırğalara doğru uzanan və paltarın üstündən belə aydınca hiss edilən girdə əzələlərinə və nəhayət, boynuna bitişmiş çiyinlərinə baxdı. Onun çiyni və sinəsi o qədər qabarıq idi ki, bunların müqabilində başı olduqca balaca görünürdü.
— İstəyirsən, bu saat buradakıların hamısını büküb alım dizimin altına!
Şahın qaşları çatıldı. Sifətindən qəzəb qarışıq acı bir təəssüf keçdi:
— Lazım deyil.