Atası dedi:
— Oğul, əvvəla, sənin bu pulun bir həftədən artıq qalmaz. Axı bir də sən o pulu heç bir zəhmət çəkib qazanmayıbsan. Bu, bir təsadüf nəticəsində olub. Əgər yolda padşaha rast olmasaydın, bu pulu da ala bilməzdin. Təsadüfə bel bağlamaq olmaz. Pul qazanmaq üçün zəhmət çəkmək, ağıl işlətmək lazımdır. İndi mən sənə bir əhvalat söyləyəcəyəm, görəcəksən ki, səndən balaca bir uşaq təsadüfə nə cür cavab veribmiş.
Günlərin birində bir padşahın qiymətli bir üzüyü var imiş. Padşah düzgün ox atmağı sevərmiş. Odur ki üzüyü bir məscidin minarəsinin lap təpəsində, görünən bir yerdən asdırıb, hər yerə car çəkdirir ki, kim bu üzüyün içindən ox keçirə bilsə, üzük onun olacaq. Ölkədə nə qədər ox atan vardısa, hamısı tökülüb gəlir, heç kim üzüyün içindən ox keçirə bilmir. Bir uşaq da qarğıdan özünə ox düzəldibmiş. Uşaq gözünü yumub oxu hara gəldi atıb, hey gülürmüş. Birdən uşağın oxu düz üzüyün içindən keçir. O saat hamı hay-küy salıb uşağı alqışlayır. Gətirib üzüyü uşağa verirlər. Uşaq üzüyü geri qaytarır. Ondan xəbər alırlar ki, bəs sən niyə belə eləyirsən? Uşaq deyir:
— Mən gözlərimi yumub oxu atdım, təsadüfən o, üzüyün içindən keçdi. Bu mənim zəhmətimlə yox, təsadüf nəticəsində olmuşdur. Mən belə mükafatı özümə əskiklik bilirəm.
Kişi əhvalatı söyləyib qurtarandan sonra üzünü oğluna tutub dedi:
— Oğul, indi çox da öyünmə, sənin qazandığın qəpik-quruş da belə təsadüf nəticəsində olubdu. Əsl qazanc zəhmət, bacarıq, ağıl nəticəsində əldə edilir.