Oğlan irəli keçib bir az su istədi. Pulu yox idi deyə su vermədilər. Oğlan qolunun gücünə güvənib, su satanı itələdi ki, alıb su içsin, su satan o saat haray saldı ki, ay camaat, nə durubsunuz, bu adam bizim suyumuza sahib olmaq istəyir. Oğlanı o ki var döyüb, baş-gözünü yarıb yola saldılar. Oğlan kor- peşman başladı yol getməyə. Gedib bir dəvə karvanına rast oldu. Karvanbaşıdan xəbər aldı:
— Bu səhralıqda niyə düşüb qalıbsınız?
Karvanbaşı dedi:
— Qardaş, qabaqda qırx quldur mağarası var, gecə vaxtı ordan keçsək, bizi soyarlar. Elə buranın özündə də qorxuludur, birdən gəlib quldurlar bizi tapa bilərlər.
Oğlan dedi:
— Siz qorxmayın, təkcə mən iyirmi-otuz quldura cavab verərəm.
Karvanbaşı oğlanın sözündən bir az ürəkləndi, ona çörəkdən- zaddan verdilər, yedi yatdı. Gecənin bir vaxtı karvançılardan biri dedi:
— Ay qardaşlar, mən bu adamdan şübhələnirəm, birdən o, quldurların yoldaşlarından olar, bizi arxayın salıb yuxuya verəndən sonra yoldaşlarını çağırar. Var-yoxumuzu əlimizdən alarlar. Gəlin elə bunu yata-yata qoyaq, xəlvətcə yola başlayaq gedək. Yoldaşları bu fikrə razı oldular. Sakitcə yığışıb getdilər. Oğlan yorğun olduğundan elə yatmışdı ki, heç nədən xəbəri yox idi. Oğlan bir də gözünü açıb gördü ki, lələ köçüb, yurdu qalıb. Bilmədi nə eləsin, hara getsin. Gəlib bir meşəyə çatdı, yenə otdan-ələfdən yeyib aclığını söndürdü. Demə, bu vaxt padşah öz qoşunuyla ova çıxıbmış. Birdən oğlanı gördü, yanına çağırıb dedi:
— Oğlan, kimsən, nəçisən, buralarda tək-tənha nə eləyirsən?
Oğlan ağlaya-ağlaya başına gələn əhvalatları bir-bir danışdı. Padşahın yazığı gəldi, oğlana pal-paltar, bir xeyli pul verdi. Oğlan cığırı tutub düz gəldi evlərinə.
Atası oğlunun qayıtdığını görüb sevindi. Bir xeyli söhbətdən sonra oğlan başına gələn əhvalatların hamısını atasına da söylədi, dedi:
— Ata, bəs sən deyirdin ki, təkcə güc ilə heç nə qazanmaq olmaz. Bəs mən pulu necə qazandım?