Oğlan başını aşağı salıb dinmədi. Tacirə hər şey əyan idi deyə, o da heç nə demədi.
Hə, sizə indi kimdən deyək, tacirin o biri oğlundan. Bu oğlan da ağıldankəm, qoldan qüvvətli idi. On adam onun bir qolunu qatlaya bilməzdi. İşi belə görən kiçik qardaş cuşa gəlib dedi:
— Ata, indi də mənə icazə ver gedim, bir yerdə iş-gücdən tapım, bəlkə, bir az puldan-paradan qazandım.
Tacir dedi:
— Oğul, səndən böyük qardaşın getdi neynədi ki, sən də neynəyəsən?
Oğlan dedi:
— Ata, sən ki məndəki gücə, qüvvətə bələdsən. Bu qədər gücü olan adam nə desən, eləyər.
Tacir dedi:
— Oğul, səhv eləyirsən, təkcə güclə heç nə eləmək olmaz. Adamda ağıl, bacarıq da olmalıdır.
Oğlan hirslənib dedi:
— Ata, indi ki belə oldu, mən getdim. Görərsən, bu güclə, bu qüvvətlə nə qazanaram.
Oğlan evdən çıxıb o qədər getdi ki, bir böyük çayın qırağına çatdı. İstədi soyunub çaydan keçsin. Gördü yox, bu o deyən çaylardan deyil. Bu çaydan keçmək mümkün deyil. Amma baxıb gördü ki, iki nəfər adam camaatı bərəyə mindirib, sudan keçirir. Gedib onlara dedi ki, məni də keçirin.
Bərəçilər dedilər:
— Adamın birini bir manata keçiririk. Pulun varsa, ver keçirək, yoxdursa, keçirmirik.
Oğlan gördü bunlar pulsuz keçirməyəcək, qolunun zoruna salıb hərəsini bir tərəfə itələyib, keçib oturdu bərədə. Özlərinə də qışqırdı ki, keçirin məni o taya.
Bərəçilər sözü bir yerə qoydular ki, oğlanı itələyib suya yıxsınlar. Dinməz-söyləməz bərəni sürdülər. Bir xeyli gəlib, suyun lap gur yerində bərəni ləngərlətdilər. Fürsət tapıb oğlanı itələdilər düz suyun içinə. Su o saat oğlanı axıtdı. Oğlan suyun içində o qədər əlləşdi ki, axşam qaranlıq düşəndə birtəhər gücnən qırağa çıxa bildi. Səhər tezdən təzədən başladı yol getməyə. Gedib bir yerə çıxdı, gördü burada adamlar bir quyunun başına yığılıb, pulla su alıb içirlər.