— Ata, daha sən qocalmısan. Ticarətə getməyə halın yoxdu. Gəl mənə pul ver, gedim alver eləyim, çoxlu pul qazanım, yenə əvvəlki dövlətini qaytarım özünə.
Atası dedi:
— Ay oğul, mənim o qədər pulum nə gəzir ki, sənə verəm, olan-qalanımın hamısını sən dağıtdın. Bir də fərasətinə bələdəm. Səndən pul qazanan olmaz.
Oğlan dedi:
— Ata, məgər mən qonşumuzdakı əkinçinin oğlanlarından fərasətsizəm? Görmürsən nə cah-calal düzəldiblər?!
Tacir dedi:
— Əlbəttə, fərasətsizsən. Mənim dövlətim onların indiki varından çox idi, hamısını dağıtdın.
Oğlan yarıdil, yarıgüc atasının olan-qalan pulunu alıb, yol başladı uzaq şəhərlərə ticarətə getməyə. Az getdi, çox dayandı, dağlar aşdı, dəryalar keçdi. Gedib çıxdı Firəngistana. Burda qalıb başladı kef çəkməyə. Atasına da bir məktub yazıb yolladı ki, ata, daha mənim yolumu gözləmə. Mən burda qalası oldum.
Atası məktubu alandan sonra cavab göndərdi ki, oğul, səbəb nədi ki, öz evinə qayıtmaq istəmirsən?
Oğlan təzədən yazdı ki, ata, mən burda evlənmişəm. Arvadımı qoyub oralara gələsi deyiləm.
Tacir məktubu açıb oxuyan kimi cin vurdu beyninə. Götürüb oğluna yazdı ki, oğul, düz deyirsən. Sən evinə qonaq gələndə onun üçün yatmağa bir dəst yorğan-döşək tapmamağı, arvad-uşaq evdə acından ağlaşanda gedib ona-buna əl açmağı, boş süfrəni görməyibsən. Borclular başının üstünü kəsib, ver borcumu deyəndə tər tökməyi görməyibsən. Səndəki fərasətə ki mən bələdəm, bu şeyləri görəcəksən, onda özün qayıdıb gələcəksən.
Tacir məktubu yola saldı. Oğlan atasından məktubu alanda, doğrudan da, əlində olan pulu, var-dövləti tamam qurtarmışdı. Borc boğazına qədər yığılmışdı. Arvad da ağına-bozuna baxmayıb gündə bir şey istəyirdi. Oğlan baxıb gördü ki, işlər şuluqdu. Əlacı kəsilib kor-peşman qayıtdı atasının yanına. Atası oğlunu görüb dedi:
— Hə, oğul, indi necəsən, bəs qədrini bildiyin o “gözəllər” harda qaldı?