— Qardaş, indi əkin vaxtı gəlib, bir öküzlə nə sən iş görə biləcəksən, nə mən, gəl birlikdə əkib-becərək, nə götürsək, tən yarı bölərik.
Kiçik qardaş razı oldu. Həmin gündən iki qardaş arpanı, buğdanı əkib, biçib döydülər. Hərəsi öz payını taya kimi bir yerə yığdı. İstədilər evə daşısınlar, gördülər qaranlıq düşüb. Hərə öz taxılının yanında uzanıb yatdı ki, səhər açılanda işıq gözü durub daşıyarıq. Böyük qardaş yuxuya gedəndən bir az sonra kiçik qardaş durub öz-özünə bərkdən dedi:
— Bu heç insafdan deyil, böyük qardaşımın arvad-uşağı var. Külfəti böyükdü, amma mən təkəm. Taxılı da tən yarı bölmüşük. Gərək mən çox hissəsini böyük qardaşıma verəydim.
Oğlan sözünü qurtarıb kürəyi aldı əlinə, öz arpa-buğdasının yarısını tökdü qardaşının payının üstünə. Sonra yenə yıxılıb yatdı. İndi də böyük qardaş yuxudan ayıldı. O da ucadan öz-özünə dedi:
— Heç insaf deyil. Mən taxılı kiçik qardaşımla tən yarı bölmüşəm. Əvvəla, mən haqsızlıq eləyib onu ayırdım. Sonra da öküzünü verməsəydi, mənə kömək eləməsəydi, bu qədər taxılı hardan ala bilərdim.
Bu qardaş da kürəyi əlinə alıb öz arpa-buğdasının tən yarısını kiçik qardaşının payının üstünə tökdü. Sonra da yıxılıb yatdı.
Qardaşlar səhər yuxudan ayılıb görürlər ki, taxıllarının üstü qızılla doludur. Onlar bu işə məəttəl qalırlar. Öz aralarında götür-qoy eləyirlər ki, bəlkə, bizi şərə salmaq üçün qızılları bura töküblər. İstəyirlər ki, qızılları götürməsinlər. Baxıb görürlər ki, taxıl tayasının üstündə bir kağız var. Kağızı açıb oxuyurlar: “Ey Allahın təmiz ürəkli bəndələri, mən bilirəm ki, siz bu qızılları aparmaq istəməyəcəksiniz, qorxmayın, aparın. Öz malınız kimi halaldı. Gecə sizin hər ikinizin söhbətini, elədiyiniz işi gözümnən gördüm. Bu iş mənə çox xoş gəldiyinə görə bu qızılları sizə bağışlayıram. Aparın, halal xoşunuz olsun”. Kağızı oxuyandan sonra qardaşlar taxıl və qızılları yığışdırıb apardılar evlərinə. Özlərinə gözəl imarət tikdilər.
Qonşu tacirin oğlanları bunların bu cah-calalını görüb paxıllıqları tutdu. Tacirin böyük oğlu atasının nə qədər var-dövləti var idisə, hamısını kef-damağa verib, xərcləyib qurtarmışdı. O, bir gün atasının yanına gəlib dedi: