Mən hər gün Qaşqanı yemləyirdim, su içirirdim. Məktəbə gedəcəyim günü, həm də Qurban bayramını səbirsizliklə gözləyirdim.
Qaşqa mənə yamanca öyrəşmişdi, hara gedirdim hoppana- hoppana arxamca qaçırdı. Qəşəng dodaqları ilə əllərimi imsiləyirdi. Mənim qaragöz, təpəl, səkil ayaqlı Qaşqam çox mehriban idi.
Bir gün babam evə sevinclə qayıtdı. O mənə məktəbli forması, kitab-dəftər almışdı, bir qucaq da gül gətirmişdi.
Səhəri gün tezdən babam, nənəm, anam məni geyindirib məktəbə apardılar. Babam Qaşqa arxamca gəlməsin deyə, iplə onu ağaca bağlamışdı. Qaşqa qoxumu alıb arxamca dartınır, yazıq- yazıq mələyirdi.
Məktəbə çatanda babam gülləri mənə verdi ki, müəllimə bağışlayım. Mən gülləri müəllimə verdim. O da mənə “sağ ol” deyib gülləri götürdü, əli ilə çənəmdən tutub mehriban baxışlarla gözlərimin içinə baxdı. Mənim məktəb həyatım belə başladı.
Elə ilk gündən müəllimimiz bizə Dövlət Himnimizi oxumağı öyrətdi. İlk vaxtlarda biz birgə oxumağa çətinlik çəkirdik, amma sonra alışdıq. Biz himnimizi çox həvəslə, qürur hissilə oxuyurduq:
Bir gün babamın Qaşqanın boynuna qırmızı lent bağladığını görüb səbəbini soruşdum. O:
— Sabah Qurban bayramıdı, onu kəsəcəyik, sən də yeddi qonşuya pay aparacaqsan.
— Baba, istəmirəm mənim Qaşqamı kəsəsən, — dedim.
Babam çömbəlib gözümün içinə baxdı:
— Elə demə, Allaha xoş getməz.
— Niyə kəsirsən, Qaşqa yazıq deyil?
— Eldəniz, Allah belə buyurub, niyyət eləmişdim. Niyyətim qəbul olunub, — dedi. — Mən Allahı aldada bilmərəm...