Sonra babam səssizcə dayanıb gözləri yaşarıncaya qədər düşmənin işğal etdiyi şəhərlərə, kəndlərə tərəf baxardı. Bir dəfə babam əlini dağlara sarı uzadıb:
— Bax, atan rəhmətlik düşmənlə orada vuruşub şəhid olub, — dedi. — Atan vətən yolunda qurban getdi.
— Baba, atam yadıma gəlmir.
— Sən onda lap balacaydın, Allah qoysa, sən də böyüyəndə igid bir oğlan olacaqsan.
Mən dağları göstərib:
— Baba, o dağların adı nədi? — soruşmuşdum.
— Bax, o uzaqdan görünən Murov dağıdı, bu yaxındakı isə Şahbulaq.
— Şahbulaq nə deməkdir?
— Vaxtilə Şah Abbasın orada karvansarası olub. Qarabağ xanı Pənah xan da burada qala tikibmiş. O dağın altından həm də su çıxır, ona görə də Şahbulaq deyirlər.
— Baba, məni ora apararsan? — deyə soruşdum.
— İndi yox, Eldəniz, sonra apararam, sonra...
— Bəs haçan?
— Torpaqlarımız düşməndən azad olanda.
Babam bu sözləri deyəndə kövrəlmişdi. Mən onda babamın nə üçün kövrəldiyinin səbəbini başa düşməmişdim.
Bir gün babam bazardan qapqara bir qoç alıb gətirmişdi. Yamanca qəşəng idi. Təpəl, ayaqları ağ bir qoçdu. Babam dedi ki, bu qoçu sənin üçün almışam, Qurban bayramında kəsərik. Mən mərcan gözlü, qıvrım tüklü, təpəl qoçu göstərib:
— Baba, Qurban bayramı nədi? — soruşmuşdum.
Babam başımı sığallayıb alnımdan öpmüşdü:
— Qurban bayramında deyərəm.
— Bu qoçun adı nədi?
Babam qoçun alnındakı ağ xalı sığallayaraq:
— Adı yoxdur. İstəyirsən bunun adını Qaşqa qoyaq.
— Qaşqa nədi, baba?
Babam dedi:
— Bax, Eldəniz, alnında ağ xalı olan qoyun-quzuya, ata qaşqa, ayaqlarında ağ zolaq olanlara isə səkil deyirlər. Başa düşdün?
— Bəli, — dedim və Qaşqanı bağçamıza apardım.