Aşıq Ələsgər
Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən Aşıq Ələsgər bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən aşıq dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayaraq, heç bir çətinlik çəkmədən başqalarına danışardı. O, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır. Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”. Aşıq Ələsgərin səsi, nəfəsi kimi, zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.
(Hekayə)
Mən babamın yeganə nəvəsi idim. Atam Qarabağ savaşında şəhid olmuşdu. Babam bu qanlı savaşda oğlunu itirib, məni tapmışdı. Atam şəhid olanda mən iki yaşındaymışam. Mən atamın yoxluğunu beş yaşımda olanda başa düşdüm. Babam hərdən mənim əlimdən tutub kəndimizin məscidinə aparardı. O, orada taytuşları ilə söhbətləşəndən sonra məscidin minarəsinə çıxardıq. Babam əlimdən bərk-bərk yapışardı ki, minarənin dolama pilləkənlərindən yıxılmayım. Minarənin başına çatanda babam xeyli tövşüyərdi. Mənim də alnıma tər gələrdi. Babam dəsmalını çıxarıb alnımdakı təri silərdi.
— Bura Allahın evidi, — deyərdi, — müqəddəsdi, böyüyəndə tez-tez gəlib ibadət edərsən.
— Niyə, baba?
— Çünki Allah ona sədaqətli olan insanları çox sevir, — deyə babam köks ötürərdi.