O gün Fərid ağ köynək geyinmişdi, üstündən də nənəsinin şineldən tikdiyi pencəyi. Nənəsinin atasının şinelindən biçdiyi paltardan daha davanın iyi gəlmirdi. Anası onlan kəhrizin suyunda tərtəmiz yumuşdu.
Fərid çox maraqlanırdı görsün, o biri uşaqların əsgər geyimindən tikilmiş paltarlarından davanın iyi gəlirmi? O, tənəffüsdə qabaq sırada oturan oğlanın yanından ötüb onun zabit kitelindən tikilmiş köynəyini iylədi. Ondan davanın iyi gəlmirdi. Dəhlizdə duran bir qızın əynində əsgər köynəyindən tikilmiş kofta vardı. Fərid dözmədi, gedib onu da yoxladı. Qızın koftasındn xoş bir ətir iyi gəlirdi. Hər il nənəsinin həyətlərində bitən qızılgülün ləçəklərindən çəkdiyi gülab ətri! Nənəsi hərdən gülabdan Fəridin çayına tökürdü. Elə yaxşı olurdu, içdikcə içmək istəyirdin.
Fərid məktəbdən evə qayıdan kimi mətbəxə getdi. Orda rəfə gülab dolu şüşə qoyulmuşdu. Fərid kətili ayağının altına qoyub yuxarı qalxdı, ovucuna şüşədən bir neçə damcı gülab töküb pencəyinə sürtdü. Sonra gülabdan aparıb şineldən tikilmiş balaca paltosunun yaxasına, qollarına səpdi.
Fərid məktəb paltarını soyundu, dəhlizə çıxdı. Təzədən dönə-dönə otağa qayıdıb pencəyini, paltosunu iylədi. Hər ikisindən gülab ətri gəlirdi. Atasını ondan ayıran dava iyindən bir iz də qalmamışdı. İndi onun paltarlarından həyətlərində bitən qızılgülün ətri gəlirdi. Fərid buna çox sevindi. Bir parça lavaş kəsib, şordan yaxdı, dürmək tutub iştahla yeyə-yeyə yoldaşları ilə oynamağa getdi.
Hüseyn Abbaszadə
Hüseyn Abbaszadə
Yazıçı haqqında ən dolğun məlumatı qızı iradə Abbaszadənin xatirələrindən oxumaq olar. Hüseyn Abbaszadə ön və arxa cəbhənin vətənpərvəri kimi tanınıb, haqqın, ədalətin və həqiqətin carçısı olub: “Həmişə Azərbaycanı azad, inkişaf etmiş dünyanın bir parçası görmək istəyib. Onun üçün Vətən anlayışı bütün dəyərlərin fövqündə dururdu. O, 1941-ci ildə müharibəyə gedib. 1945-ci ilin 9 may günü yaralı vəziyyətdə qatarla arxa cəbhəyə gətiriləndə, yolda qələbə xəbərini eşidib. Müharibə haqda yazanda atam başqalarından fərqli olaraq, təkcə eşitdiyini deyil, həm də gördüyünü yazırdı. O, müharibənin odunun-alovunun içindən keçmişdi. Gözünün qabağında minlərlə insan can vermişdi Ona görə də müharibədən yazdığı əsərləri çox təbii idi. Çünki bütün bunları, müharibə dəhşətlərini o lap gənc yaşlarında, hisslərinin hələ kövrək zamanında yaşamışdı”.