— Atacan!..
İbrahim özünü çarpayının üstünə atdı, ikiəlli Fəridi götürüb bağrına basdı. O, səsini çıxartmadı. Axı Fəridi özgəsi yox, atası bağrına basmışdı. O, indi bildi ki, kişilər güclü olur. Atasını elə belə də təsəvvür edirdi. Nənəsindən eşitdiyi nağıllardan bilirdi ki, ancaq güclülər düşmənə qalib gəlirlər.
Fərid atasının qucağından düşmək istəmirdi. Onun qollarının üstündə oturmaq necə də yaxşı idi. Amma atasından birtəhər iy gəlirdi. Bu nə iy idi?! Fərid fikirləşəndə yadına düşdü ki, atasının şinelindən toz, ocaq, barıt, bir də nəyinsə iyi gəlir.
İbrahim elə o günü çimib paltarını dəyişdi. Fərid axşamacan atasının dizi üstündən düşmədi. O, arada heç kəsə bildirmədən dəhlizə getdi, atasının şinelinin ətəyindən yapışıb burnuna apardı. Şineldən yenə də həmin iy gəlirdi. O pıçıldadı: “Davadan qayıdan ataların üst-başından, yəqin, belə iy gəlir”.
O axşam kəndlərindəki əmilər, xalalar onlara çox gəlib-getdilər. Hamı içəri girəndə deyirdi:
— Gözləriniz aydın!
Onlar gec yatdılar. Fərid qəribə bir yuxu gördü. Gördü ki, cəbhədədir, atası və onun əsgər yoldaşları ilə birlikdə faşistlərlə vuruşur. Bu vaxt haradansa bir dəstə tank çıxıb uğulduya-uğul- duya onların üstünə gəlir. Fəridin atası komanda verir, yoldaşları düşmən tanklarına atəş açırlar. Fərid isə iri qutulardan mərmiləri götürür, verir bir əsgərə, o da topun lüləsinə qoyur, çaxmağı çəkib atır. Düşmənin iki tankını yandırır.
Döyüş yatan kimi göygözlü, qalınbığlı bir əsgər əmi topun lüləsinin üstünə iki ulduz şəkli də çəkir. Ulduz səkkiz olur. Fərid ətrafa tamaşa eləyir. Hər yerdən tüstü, barıt, toz iyi gəlir. Hətta onun üst-başından da! Atasının şinelindən gələn kimi.
Qələbənin o biri ili, payızda Fərid birinci sinfə getdi. Sən bir işə bax, məktəbə gələn uşaqların neçəsinin əynində əsgər geyimindən tikilmiş pencək, köynək, don gördü. Hətta bir oğlan əsgər çantasına kitab yığıb gətirmişdi. Dava yenicə qurtarmışdı. Hələ faşistlərin dağıtdığı fabriklərin, zavodların çoxunu təzədən tikib qurtarmamışdılar. Geyim, kitab, dəftər, yemək çatmırdı. Buna görə də uşaqların çoxunun əynində əsgər geyimindən tikilmiş paltar vardı.