Üzünə yağış çırpmayan, dodağını ayaz çatlatmayan, sifətini şaxta qovurmayan uşağın canı sağ olarmı?” — deyə nənə düşünürdü ki, Afaq dilləndi:
— Fəxri nənə, dəvənin balalarından danış.
— Dəvənin balasına köşək, iki yaşında olanda daylaq deyirlər. Üç yaşına adlayandan sonra nər-maya, lök-arvana, buğur-haçamaya, balxımaya-göyün olur.
Dəvə bulaqdan uzaqlaşdı. Uşaqlar su içmək istəyəndə nənələri dedi:
— Əvvəlcə əl-üzünüzü yuyun, sonra için.
Uşaqlar əllərini suya vuranda diksindilər. Qayanın altından gələn su çox duru, olduqca soyuq, dedikcə dadlı idi. Onlar suyu doyunca, birnəfəsə içə bilmədilər. Dişləri göynədi. Ara verə-verə içdilər.
— Fəxri nənə, bizi gəzməyə apar da, — deyə Afaq mızıldayanda, Araz bacısının sözünə qüvvət verdi:
— Fəxri nənə, bu gün yaxşı gündür, gedək gəzməyə.
Nənə nəticələrini sakitləşdirdi:
— Qayıdaq çadıra, nahar eləyək, sonra sizi baldırğanlı dərəyə aparacağam...
Əli Vəliyev
Əli Vəliyev
Əli Vəliyevdə hər kəsdə olmayan bir cəsarət vardı. İclasların birində Səməd Vurğun Bağırovun tənqidinə tuş gəlir. Kimsə səsini çıxarda bilmir. Əli Vəliyev isə dostunun dayağı olur və deyir ki, Səməd Vurğun böyük şairdir. Bağırov bircə kəlmə “Bıl” (rus dilində, yəni yaxşı şair olub), - deyir. Əli Vəliyev isə daha da cəsarətlə bildirir: “Bıl da, yest də” (yəni yaxşı şair olub, bu gün də yaxşı şairdir). Hamı Bağırovun qəzəbini gözləyir. Ancaq Bağırov gülümsəyir və Səməd Vurğun Əli Vəliyevin sayəsində repressiyadan qurtulur.
Xalq yazıçısı İlyas Əfəndiyev xatirələrində yazır ki, Əli Vəliyev “Kommunist” qəzetinin baş redaktoru olan zaman redaksiyada İlyas Əfəndiyevə xüsusi bir otaq ayırıb və işləməsi üçün şərait yaradır. Bir gün yenicə yazdığı hekayəsini oxumaq üçün həmin vaxt xəstə olduğundan işə çıxmayan Əli Vəliyevin evinə yollanan İlyas Əfəndiyevi Qumru xanım qarşılayır. Əli Vəliyevin yatdığı otağa aparmaq istəyəndə: “Qumru, sən də gəl, qulaq as” sözlərini eşidib ayaq saxlayır. İlyas Əfəndiyev yazdığını oxuyub qurtaran kimi Qumru xamm “Yaxşıdır’ - deyir, İlyas Əfəndiyev ustadının da fikrini soruşur. Əli Vəliyev zarafatla: “İlyas, bizim evdə bir söz olur. Onu da Qumru xanım söylədi”, - deyir.