Araz dilləndi:
— Bəs keçinin balasına nə deyirlər?
— Keçinin balasına bir yaşınacan oğlaq, iki yaşında çəpiş, sonra dübür-küyər, keçi-təkə deyirlər.
Fəxrəndə qarı çeşməyinin şüşələrini silib gözünə taxdı. Afaqın xurmayı saçlarına sığal verdi. Arazın boynuna əl salıb özünə tərəf çəkdi, sinəsinə sıxandan sonra sözünə davam elədi:
— Daşlıqda sal duzu yalayan heyvana at deyirlər. İyirmi-otuz il qabaq atın hörməti çox, qiyməti baha idi. Minik və yük maşınları çıxandan sonra atlar urvatdan düşüblər. Araz bacısına macal verməyib xəbər aldı:
— Maşınlar atlara nə eləyib ki?
— Əvvəllər adamlar səfərə çıxanda at minərdilər. Dağa köçəndə yükləri atlar daşıyardı. Arabalara qoşulan, faytonları çəkib aparan, meşədən odun gətirən, dərz daşıyan, xırman döyən atlar idi. Hətta deyirdilər “At kişinin qanadıdır”. Yaxşı igid atı ilə adlanardı. Həcər, Aynalı, Bozat Qaçaq Nəbinin sədaqətli dostları olub.
Afaq dedi:
— Fəxri nənə, bəs atın balasına nə deyirlər?
— Atın balası bir yaşına qədər qulun, iki yaşında dayça, üç yaşında qulan-ürkə, böyüyəndə madyan-köhlən adlanır. Hərgah erkək at qaçağan, kara gələn olursa, ona köhlən, əgər tənbəl, yük götürməyən olursa, ona yabı deyirlər.
Gün şaxıyır, uşaqlar tərləyirdilər. Nənə balalarını çadıra aparıb söhbətinə ara verdi. Soyuq qatıqaşını iki boşqaba töküb uşaqların qabağına qoydu. Ayaqqabılarını dəyişdi. Yun şalı çiyninə salıb bayıra çıxdı. Dəvələr qanqallı dərədə idi. Biri də soyuq bulağın yanında durub gicitkən yeyirdi.
Fəxrəndə qarı Arazla Afaqı səslədi, özü ortada dayanıb hərəsinin bir əlindən yapışdı, birbaş Soyuq bulağa tərəf addımladı. Qarı elə gedirdi ki, uşaqlar güclə ayaqlaşırdılar.
Bulağa çatıb nəfəslərini dərəndən sonra nənə dedi:
— Boyunu əyri, caydaq, gicitkəni kökündən qoparıb yeyən heyvana dəvə deyirlər.
Fəxrəndə qarı nəticələrinin maraq içində olduğunu görüb bir az dayandı. “Qoy əməlli baxsınlar. Uşaqlar hər şeyi bilməlidir. Təbiətə həsrət, heyvana tamarzıdırlar. Bulaq suyu dillərinə dəyməyən, ayaqlan şehdə yuyunmayan uşaqların ürəyi təzələnərmi?